İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daha hansı xəstəliklər əlavə oluna bilər? – FOTO

İqtisadiyyat

“Onkoloji xəstəliklər dünyada insanların ən çox əziyyət çəkdiyi xəstəliklər siyahısında ilk üçlükdədir. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Onların müalicəsini icbari tibbi sığorta qarşılamır. Əməliyyatlara, müalicələrə, dərmanlara çoxlu maddi vəsait tələb olunur”. 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlayıb və aidiyyəti quruma təqdim edib”. Bunu agentliyin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Z.Əliyev bildirib ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları və s. əhatə edir. Ümumilikdə, 700 böyük rəqəmdir. Bəs qeyd olunanlardan savayı siyahıda hansı tibbi xidmətlər olmalıdır ki, bu gün çox vacibdir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

“Bütün xidmətlər daxil edilməlidir”

Tibbi ekspert Aydın Əliyev deyir ki, insan həyatı, sağlamlığı üçün zəruri olan bütün xidmətlər bu paketə daxil edilməlidir:

“İcbari tibbi sığorta sisteminin fəlsəfəsi belədir ki, insan həyatı, sağlamlığı üçün zəruri olan bütün xidmətlər bu paketə daxil edilməlidir. Düzdür, indi estetik əməliyyatlar bura daxil deyil, amma burada da nəzərə alınmalı məqamlar olmalıdır. Məsələn, insanın burnunda deformasiya varsa, bu da ona kompleks yaradırsa, cəmiyyət içərisində sıxılırsa, deməli, problemdir. Düşünürəm ki, bu hallar da icbari tibbi sığortaya daxil edilməlidir. Kiminsə kefinə hansısa nahiyədə estetik dəyişiklik düşübsə, bunu sığortanın qarşılaması vacib deyil”.

“Orqan transplantasiyası həyati əhəmiyyət daşıyır”

A.Əliyev deyir ki, bir çox xəstələr və onların yaxınları onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil olmasını gözləyir:

“Onkoloji xəstəliklər dünyada insanların ən çox əziyyət çəkdiyi xəstəliklər siyahısında ilk üçlükdədir. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Onların müalicəsini icbari tibbi sığorta qarşılamır. Qanunla onkoloji xəstəliklərin müalicəsi dövlət hesabına olmalıdır. Amma hamıya məlumdur ki, dövlət hesabına heç bir müalicə getmir. Əməliyyatlara, müalicələrə, dərmanlara çoxlu maddi vəsait tələb olunur. Bunlar hamısı icbari sığortaya daxil edilməlidir. Çünki çox ciddi məsələdir”.

A.Əliyev qeyd etdi ki, orqan transplantasiyasının hər kəsə aid edilməzi zəruridir:

“Orqan transplantasiyasının limitli şəkildə olmasının deyil, bütün göstəriş olan xəstələrə tətbiqi zəruridir. Orqan transplantasiyası həyati əhəmiyyət daşıyır”.

Həmin xidmət dövlət tibb müəssisəsində olmalıdır

Millət vəkili Soltan Məmmədov deyir ki, Xidmətlər Zərfinin davamlı olaraq genişləndirilməsi, göstərilən xidmətin yüksək səviyyədə təmin olunması, əhalinin bu xidmətlərə əlçatanlığının artırılması icbari tibbi sığorta üzrə qanunun tətbiqi zamanı qarşıya qoyulan əsas məqsəd idi: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılan maliyyə resurslarının davamlı inkişafı fonunda Xidmətlər Zərfində təklif olunan xidmətlərin sayının artırılması istiqamətində böyük işlər görüldü. Bu gün xidmət sayının 3000-dən çox olması planlaşdırılır. Davamlı olaraq həm maddi resursların genişləndirilməsi, bunun fonunda Zərfə daxil olan xidmətlərin artırılması üçün böyük işlər görülür”.

Millət vəkili deyir ki, bəzi tibbi xidmətlərin Xidmətlər Zərfinə əlavə edilməsi üçün həmin xidmətlərin dövlət tibb müəssisələrində yüksək səviyyədə göstərilməsi təmin olunmalıdır:

“Xidmətlər Zərfinə oftalmoloji, kardioloji, travmatoloji istiqamətdə əlavələr gözlənilir. Ürək-damar xəstəlikləri ilə bağlı bütün əməliyyatlar əhatə olunmasa da, icbari tibbi sığorta ilə əhatə olunması çətin olan bir sıra bahalı, çətin əməliyyatlar da zərfə daxil edilir. Bəzi xidmətlər var ki, Xidmətlər Zərfinə daxil deyil. Məsələn, bir sıra transplantasiya, ağır ürək-damar xəstəlikləri ilə bağlı əməliyyatlar, bəzi digər ağır cərrahi əməliyyatlar və s. Amma nəzərə almalıyıq ki, bu sistem ölkədə yeni tətbiq olunur. Zərfdəki xidmətlərin sayının artırılması üçün lazım olan tibbi xidmətlərin dövlət tibb müəssisələrində göstərilməsi, varsa da, yüksək keyfiyyətdə göstərilməsi lazımdır. Bunun üçün əvvəlcə həmin tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilməli, kadr potensialı hazırlanmalıdır. Bunun fonunda Zərfin genişləndirilməsi imkanları yaranmış olar”.

Regional xəstəliklər aspektindən yanaşma 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, Xidmətlər Zərfinə regional xəstəliklər aspektindən də baxmaq lazımdır:

“Hər bir regiona xas, həmin ərazidə daha çox rast gəlinən xəstəliklər var. Müəyyən regionlarda bronxial astma, müəyyən yerlərdə mədə-bağırsaq xəstəlikləri çoxdur. Bölgələrə görə yayılma riskləri nəzərə alınmalı, müqayisəli şəkildə də tətbiq olunmalıdır”.

İ.Hüseynlinin sözlərinə görə, orqan transplantasiyasının icbari tibbi sığortaya daxil edilməsi yaxşı hal olsa da, bu istiqamətdə tibb personalı çatışmazlığı problem yaradan məsələdir:

“Biz onu icbari tibbi sığorta paketinə salmaqda düz edirik. Ancaq orqan transplantasiyasında böyük vəsaitlərdən söhbət gedir. Həm də orqan transplantasiyası Azərbaycanda hələ mükəmməl səviyyədə inkişaf etməyib. Orqan transplantasiyasını həyata keçirən tibb personalının sayında ciddi problem var. Bunun üzərində düşünmək lazımdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir