
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən
başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin
Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə
görüşüblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali
Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən
döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər
sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər
ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.
Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və
zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də
döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam
etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda
vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır
və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq,
haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan
soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.
Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət
göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə
bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə
dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim
göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə,
evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət
tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində
birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın
ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz
bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə
şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin,
Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı
yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.
Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi
dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də
əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin
tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər
əllərindən gələni edirlər və edəcəklər.
Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında
vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz
xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq
bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa
dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni
xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin
əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini
məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına
göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?
Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz
torpağında həlak olur, öz torpağında yaralanır və biz öz
torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən
döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji
yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini
işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara
qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu
torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü
bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır.
Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək,
orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan
çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına
qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa
edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi
torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki,
hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda
yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri
azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan
torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir.
Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim
haqqımız çatır, bunu edirik və edəcəyik.
Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz
hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının
bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur
kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi
maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və
bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni
xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq.
Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli
dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində
yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan
ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim
vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz
tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət
nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma
torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş
digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk,
bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq
davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz
haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz
bizim tərəfimizdədir.
Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti
hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT
kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə
sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır,
Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq
ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə
lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını
dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır.
Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və
haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust
aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa,
Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş
meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış
məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki,
Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə
yerinə yetirir.
Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə
Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi
şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu
şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan
qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim
qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə,
döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə
sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik,
əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara
bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə
ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir
edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı
bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ
danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki,
məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan
xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib.
Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində
göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz
bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum
əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk.
Hələ ki gec deyil. Mən bir daha sözümü demək istəyirəm ki,
Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki,
indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin
rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz
fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər
Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir
dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim
tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim
torpağımızdır.
Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə
ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu
məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin
vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən
gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı
davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara
təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac
yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz
edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət
bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə,
mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə,
qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan,
bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki
əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha
göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır
və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq
demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün,
bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir.
Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar
verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey
deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan,
Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz,
danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki,
bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə
hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir.
Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki,
qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in
mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz
də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən
kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin?
Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün.
Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları,
insanları heç vaxt unutmayacağıq. Bilirsiniz ki, Azərbaycan dünyada
güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq
təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı
olduğumuzu sübut edə bilmişik. Biz bunu sübut etməli idik ki, biz
haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar
bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar
bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə
minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə
gəldikdə isə, tarixi həqiqət bizim tərəfimizdədir. Hər kəs
internetə girib oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar
materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil
edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi
haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən
bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, – müqavilədə belə
də yazılmışdır, – şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər
tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh
müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi
göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb,
ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və
sonra bizə qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə
haqlıyıq. Bizim davamız haqq davasıdır. Biz öz prinsipial
mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən
dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi
bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.
Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün
hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni
təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə
tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali
arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim
10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən
məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb.
Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir.
Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı
başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə
göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım
atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin
mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim
kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak
olub, 40-dan çox mülk şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur
erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda
dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada
yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun”
deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki,
atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə
edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş
torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son
qoyulsun.
Mən sizi həm təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda
böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub
öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi
belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma
əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz
onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda
hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün
həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək
olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda
olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata
qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz
nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman
xalqdır ki, sizin kimi övladlar yetişdirib.
Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı
hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin
valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan
xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar
yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə
qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ
Azərbaycandır!
Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan,
cənab Prezident, çox sağ olun. Həqiqətən də Azərbaycan əsgəri
düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də,
hər bir insan yenə ön xəttə qayıtmağa hazırdır. Sizin bu qüdrətli
sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz
üçün şam kimi yanmağa hazırıq. Çox sağ olsun həkim kollektivi, bizə
çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşçü
yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmağa hazırıq. Çox sağ
olun.
xxx
Sonda xatirə şəkli çəkdirildi.

