Mayın 22-də Lənkəran şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.
Heydər Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib.
Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və s. rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada yerli istehsal olan çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif qida məhsulları, hədiyyəlik əşyalar, əl işləri, bank, təhsil və tibb xidmətləri nümayiş olunub. Bununla yanaşı, cənub bölgəsinə aid milli mətbəx yerli turizm müəssisələri tərəfindən sərgi iştirakçılarına təqdim edilib. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.
Yarmarka Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilib.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilmiş “KOB Fest” sərgi-satış yarmarkası sayca dördüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı və Gəncə şəhərlərində, Şəmkir rayonunda təşkil edilib. “KOB Fest”in iyun və iyul aylarında Sumqayıt və Şəki şəhərlərində, eləcə də Quba rayonunda keçirilməsi planlaşdırılır.
www.RIA24.az