Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin beşinci ildönünü
münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi
nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli tədbir
keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi
nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Fransanın Strasburq
şəhəri və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirakı ilə
keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və
şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayıb.

Tədbir iştirakçıları qarşısında çıxış edən Avropa Şurası yanında
daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov 44 günlük Vətən
Müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan xalqının milli
gücü və birliyinin əbədi rəmzi olduğunu bildirib. 30 ilə yaxın
davam edən işğal dövründə xalqımızın tarixin sınağına çəkildiyi
xatırladan daimi nümayəndə qarşılaşdığımız haqsızlıq və
qatlaşdığımız iztirabların millətimizin iradəsini sındıra
bilmədiyini və işğal olunmuş torpaqlarımıza, Qarabağa dönmək arzusu
və inamını heç zaman əlindən ala bilmədiyini söyləyib. Beləliklə,
2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı cənab İlham Əliyevin əzmkar liderliyi və
qətiyyətli rəhbərliyi, Azərbaycanın rəşadətli ordusunun misilsiz
qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmaz
birlik və bərabərliyi sayəsində məruz qaldığımız işğala, haqsızlığa
son qoyulduğu vurğulanıb. F.İsmayılov əlavə edib ki, 2023-cü ilin
sentyabr ayında isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
fədakar silahlı qüvvələrimiz növbəti dəfə qəhramanlıq nümayiş
etdirdi və Azərbaycan torpaqlarında erməni sepatizminin birdəfərlik
axırına çıxıldı.




Səfir eyni zamanda ötən beş il ərzində dövlətimiz tərəfindən
Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri barədə
məlumat verib, minlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına
qayıtdığını və bu gün artıq 60 mindən çox soydaşımızın azad edilmiş
torpaqlarda yaşayıb, çalışıb və təhsil aldığını qeyd edib.

Daha sonra tədbirdə Azərbaycanlı musiqiçi Kamran Qaralov
tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib və tədbir boyu
iştirakçılara Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş
etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir