
COP30-a bağlı mənzərə Bakıda keçirilmiş COP29-un dönüş nöqtəsi olduğunu təsdiqləyir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, dünya düzənində cərəyan edən bəzi xoşagəlməz proseslər, hansısa qaranlıq məqamlara xidmət edən cəhdlər gec-tez iflasa uğrayır: “Biz zaman-zaman bunun şahidi oluruq. Eyni ilə COP29-la bağlı xaricdə sərgilənən anti-Azərbaycan kampaniyası və təbliğatı da bu cür iflasa uğradı. Xüsusilə bu günlərdə Belen şəhərində cərəyan edənlər bizə qarşı məkrli olan qüvvələr üçün növbəti sarsıdıcı zərbə oldu”.
Vüqar İskəndərov qeyd edib ki, vaxtilə Bakıda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunanda, bəzi qərəzli beynəlxalq dairələr və müəyyən media resursları bu qərarın guya “keçici xarakter” daşıdığını iddia edirdilər: “Onlar israr edirdilər ki, guya əsas qərarlar COP29-dən sonra növbəti konfransda – Braziliyanın Belen şəhərində keçiriləcək tədbirdə qəbul olunacaq. Bu yanaşma ilə Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası aparılır, ölkəmizin bu miqyasda beynəlxalq tədbiri təşkil etmək bacarığı və nüfuzu şübhə altına alınırdı. Təəssüf ki, bu cəhdlər həm konfransın ərəfəsində, həm də onun keçirildiyi günlərdə müxtəlif informasiya kanalları vasitəsilə davam etdirildi. Lakin hadisələrin gedişi tamamilə fərqli oldu. COP29 təkcə yüksək təşkilatçılıq səviyyəsi ilə deyil, həm də qəbul edilən qərarların miqyası və tarixi əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Konfrans çərçivəsində Zərər və İtki Fondunun əməliyyat fəaliyyətinə başlaması, qlobal maliyyə mexanizmlərinin formalaşması, iqlim ədalətinin təmininə yönələn praktik mexanizmlərin razılaşdırılması kimi mühüm qərarlar qəbul edildi. Bu, COP29-un sadəcə müzakirə platforması deyil, konkret nəticələr doğuran bir tədbir olduğunu təsdiqlədi”.
Deputat vurğulayıb ki, Bakı konfransı həm təmsilçilik, həm zənginlik, həm də qəbul olunmuş qərarların dərinliyi baxımından BMT-nin iqlim proseslərində dönüş nöqtəsi kimi qiymətləndirilir: “COP29 bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, qlobal səviyyədə də dayanıqlı inkişaf və iqlim diplomatiyası sahəsində etibarlı tərəfdaşdır. Bunun fonunda Belen şəhərində 10–21 noyabr tarixlərində keçiriləcək növbəti tədbir isə əks mənzərə ilə yadda qalır. Artıq indidən bəllidir ki, orada dünya liderlərinin iştirakı nəzərdə tutulmur, gündəliyin konkret mövzuları formalaşmayıb, həmçinin konfrans ərəfəsində heç bir əhəmiyyətli müzakirə prosesi aparılmayıb. Bu vəziyyət bir daha göstərir ki, Bakı konfransını “keçici” hesab edənlər yanıldılar. COP29 təkcə qərarların miqyası ilə deyil, həm də qlobal siyasi və diplomatik çəkisi ilə iqlim tarixində mühüm iz buraxdı. Nəticə etibarilə COP29 Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi, ölkəmizə qarşı aparılan əsassız təbliğatın və skeptik yanaşmaların tam iflası oldu”.

