“Azərbaycan-Ermənistan münasibətlərini beynəlxalq vəziyyətin mövcud kontekstindən kənarda nəzərdən keçirmək mümkün deyil. Dünyada qüvvələrin və mövqelərin çox aydın qütbləşməsi müşahidə olunur və diplomatik prosesin hər bir iştirakçısı gec-tez qərar verməli olacaq”.
Bunu Rusiya hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov Oxu.Az-a Brüssel görüşünün nəticələrini qiymətləndirərkən deyib.
Avropa İttifaqının vasitəçilik missiyasında iştirakına gəldikdə ekspert bildirib ki, Aİ-yə müraciət etmək olar, amma bunda bir məna görmür:
“Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin sabitləşdirilməsində xüsusi marağı yoxdur və müəyyən mənada ola da bilməz. Ancaq prosesi təqlid edə bilər.
Hesab edirəm ki, Cənubi Qafqazda stabilləşmə, sülh prosesində, iqtisadi rifahda və nəqliyyat kommunikasiyalarının açılmasında ən çox məhz Rusiya maraqlıdır. O ki qaldı komissiyaların yaradılmasına, delimitasiya, anklavlar məsələsinə – bəli, bu çox vacibdir. Eyni zamanda, Ermənistanda daxili-siyasi vəziyyət qeyri-sabitdir. Amma, bilirsiniz ki, bu, bir ildən çoxdur orada davam edir. Mənə elə gəlir ki, Nikol Paşinyan hazırda kifayət qədər danışıqlar aparmaq iqtidarındadır. Rusiyanın zəmanətiylə isə (bölgədə Rusiyanın sülhməramlı kontingentinin olduğunu unutmayaq) bütün məsələlərin həlli tamamilə mümkün və əlçatandır. Əsas odur ki, hər şeydən əvvəl revanşist ideyalar deyil, Azərbaycan və Ermənistan vətəndaşlarının sağlamlığı, həyatı və rifahı prioritet olsun”.
– Belə çıxır ki, Avropa İttifaqının bu cür diplomatik təşəbbüsləri Moskvada narazılıq yarada bilər?
– Heç bir narazılıq yoxdur. Amma müxtəlif qütblərə bölünmə var ki, bu da böyüməyə davam edəcək. Bu ani turbulentlik deyil, uzunmüddətli strateji proseslərdir. Bir daha təkrar edirəm, Azərbaycanla Ermənistan arasında sabitliyin yaradılmasında Rusiya qədər maraqlı olan ikinci qlobal güc yoxdur.
– Ermənistanda hiddət doğuran daha bir məqam. Son aylar Rusiyanın bir çox dövlət xadimləri, indi isə Avropa Şurasının rəhbəri Şarl Mişel “Dağlıq Qarabağ” ifadəsini deyil, ancaq Bakının təkid etdiyi “Qarabağ” ifadəsini işlədir…
– Doğrusu da budur. Həqiqətdə də, sadəcə, Qarabağ var. Bunlar reallıqdır, üstəlik, regionu belə adlandırmaq üçün tarixi əsaslar var. İndi bu sözdən istifadə adiləşir, məncə bu düzgün tendensiyadır.
– Ermənistan ATƏT-in Minsk qrupuna müraciət etməkdə davam edir. Ancaq belə görünür ki, hətta Avropa İttifaqında bu amorf struktur unuduldu. Həmin Şarl Mişel heç vaxt ATƏT-in Minsk qrupunun adını çəkməyib. Bəs Ermənistanda bu qurumdan niyə bu qədər yapışırlar?
– Avropa İttifaqı haqqında dediklərimin hamısını ATƏT haqqında əminliklə demək olar. ATƏT neytral struktur deyil – bir tərəfi tutur, obyektivlik bu təşkilata yaddır. ATƏT-in gələcəyi yoxdur. Soruşdunuz ki, niyə kimsə ondan yapışır? Yəqin ki, bu, ya məlumatsızlıqdan, ya da baş verənləri anlaya bilməməkdən irəli gəlir, çünki dünya dəyişir və hamı bu dəyişikliklərlə ayaqlaşa bilmir.
Nair Əliyev
www.RIA24.az