Azərbaycan millisinin üzvü: “Samir Abbasovun dəyişdirilməsi klub rəhbərliyinin biləcəyi işdir” – MÜSAHİBƏ

İdman

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Azər Salahlının Oxu.Az-a müsahibəsi

–  Karyeranızla bağlı yenilik olacaqmı? “Neftçi”də baş məşqçi dəyişikliyi gözlənilir. Sizi bu kluba Samir Abbasov gətirib. “Neftçi”də baş məşqçi dəyişikliyi olsa, klubdakı taleyiniz üçün təhlükə ola bilərmi?

– “Neftçi”yə bu qış transfer olundum. 2,5 illik müqavilə imzalamışdım. Baş məşqçi dəyişikliyi isə klub rəhbərliyinin biləcəyi işdir. Samir Abbasovla əvvəllər də işləmişəm. Onunla işləmək mənim üçün xoşdur. Dəyişiklik olacağı təqdirdə, yeni məşqçi necə futbol istəyəcəksə, onu oynamağa çalışacağam.

– Başa çatan mövsümü özünüz üçün nə dərəcədə uğurlu hesab edirsiniz?

– “Neftçi” ilə gümüş medal qazandım. İkinci dövrə mənim üçün daha uğurlu alındı. Çünki ilk dövrədə müəyyən zədələr almışdım. İkinci dövrədə çempionluq uğrunda mübarizə aparsaq da, alınmadı və ikincliklə kifayətlənməli olduq. Növbəti mövsüm çempionluq uğrunda daha yaxşı mübarizə aparmağa çalışacağıq.

– Bu mövsüm çempion “Qarabağ”la arada böyük fərq oldu. Son oyunda isə böyük hesabla (1:4) uduzdunuz…

– Son matç formal xarakter daşıyırdı. Amma buna baxmayarq, “Neftçi” ilə “Qarabağ”ın oyunu derbidir.

– Qarşıdan Millətlər Liqasının oyunları gəlir. 15 günə dörd matç keçiriləcək. Bu görüşlərdən sonra qrupun taleyinə böyük ölçüdə aydınlıq gələcək. Ağır mövsümdən sonra futbolçularda psixoloji və fiziki yorğunluq var. Oyunlara nə dərəcədə köklənə biləcəksiniz?

– Doğru qeyd etdiniz. Sonuncu dəfə ardıcıl dörd matç oynamağımız yadıma gəlmir. Oyunların sayı ən çox üç olub. Mövsüm sonununun yorğunluğu bir qədər çətinlik yaradacaq. Ancaq buna baxmayaraq, hazırlaşıb yaxşı nəticə əldə etməliyik. Əsas hədəfimiz Slovakiya ilə oyun olacaq. Bu qrupda ancaq Slovakiya ilə oyun bir az çətin ola bilər. Əsas rəqibimiz onlardır.

İndiki durumda Qazaxıstan və Belarusdan üstün olduğumuzu düşünürəm. Martda keçirilən oyunlarımız yoldaşlıq görüşləri idi. Həmin matçlardan nəticə çıxartmalı, Millətlər Liqasında inamlı oyun sərgiləməliyik.

www.RIA24.az

Spread the love