
Bakı. Trend:
Misir-Azərbaycan Dostluq Cəmiyyətində 8 Noyabr – Zəfər Günü və 9
Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilir ki, tədbirin açılışında Azərbaycanın və Misirin
Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri
Seymur Nəsirov Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərlə
yazıldığını, hamımız üçün qürurverici gün olduğunu bildirib.
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə
şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə
etdiyi Zəfərin gələcək nəsillər üçün fəxr mənbəyi olduğunu
söyləyib. Həmçinin Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki
ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumat
verib.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında 2020-ci
ilin 8 noyabrını xalqımız üçün müqəddəs günlərdən adlandırıb.
Azərbaycan Ordusu Şuşa şəhəri üzərində bayrağımızı yenidən
ucaltdığını, 2023-cü ilin sentyabrında Azərbaycanın münaqişəni
tarixin arxivinə göndərərək dövlət suverenliyini tam bərpa etdiyini
diqqətə çatdırıb. Vətən müharibəsi dövründə ölkəmizin üzləşdiyi
çətinliklərdən də danışan diplomat Azərbaycana olan bütün
təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin möhkəm inamı və
iradəsi sayəsində xalqımızın qələbə çaldığı qeyd edib.
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun
əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iki əsrdir
torpaqlarını itirən Azərbaycanın beş il bundan əvvəl işğal atındakı
torpaqlarını azad etməsinin mühüm tarixi nailiyyət olduğunu
vurğulayıb.
Sonda cəmiyyətin tələbələri Azərbaycan haqqında şeirlər
səsləndirib, iştirakçılara milli mətbəximizin ənənəvi təamları
təqdim edilib.

