Azərbaycanda külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, 40 yaşlı Rəcəb Səbuhi Vaqif oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ələ keçirilib.
O, külli miqdarda dələduzluq etməkdə təqsirli bilinir.
Məlumata görə, Səbuhi Rəcəbin əməlindən 3 zərərçəkmiş var. Belə ki, S.Rəcəb tanışı olan bir qadının avtomobilini götürüb və onun xəbəri olmadan 40 min manata satıb. Digər qadının isə lizinq yolu ilə maşın alacağı adı ilə 51 min manatını mənimsəyib.
Onun əməlindən ən çox 3-cü şəxs zərər görüb. Məlumata görə, 3-cü zərərçəkmiş Səhiyyə Nazirliyinin dövlət həkimləri təkmilləşdirmə institutunun cərrahiyyə kafedrasının müdiri Əliyev Şahin Həşim oğludur. Səbuhi Rəcəb ona daha böyük vəd edib. Səbuhi Şahin Ş.Əliyevi dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini deyib. Bu məqsədlə ondan nə az, nə çox 150 min manat pul alıb. Ancaq Ş.Əliyev aldandığını görüb.
Bu yaxınlardan Səbuhi Rəcəbin istintaqı başa çatıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Məmmədovun icraatına verilib.
Qeyd edək ki, Səbuhi Rəcəb Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd kimi qeydiyyata alınıb.
www.RIA24.az