30 il əvvəlin imkansızlığından bu günün reallığına doğru: Dünya Azərbaycan və Türkiyə ilə hesablaşır – ŞƏRH

Siyasət

Azərbaycanla Türkiyənin etnik bağlılığı, ortaq dəyərləri, müştərək mədəni və ədəbi nümunələri olsa da, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi heç də asan başa gəlməyib.

Birinci Qarabağ müharibəsində Azərbaycanın ozamankı prezidenti Əbülfəz Elçibəy Kəlbəcərin işğalı ərəfəsində mülki əhalinin təxliyəsi üçün Türkiyədən dörd helikopter istəmişdi (Bu barədə mərhum eks-prezident özü də danışıb).  

Amma o dövrlər Türkiyənin özünün də daxili sarsıntıları və üzləşdiyi təhdidlər və ya hakimiyyət daxilində Azərbaycana olan biganəlik səbəbindən Əbülfəz Elçibəyin humanitar yardım müraciətinə cavab verilmir. Bu yaxınlarda Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım da bu haqda danışaraq, keçmişdəki münasibətlə indiki arasında paralellər aparıb. Bu paralellə yola çıxaraq bəzi məsələlərin üzərinə qayıtmaq lazımdır.

Azərbaycan-Türkiyə münasibətləri Qarabağda 30 il davam edən münaqişə periodunda da sınağa çəkilir, gah Türkiyədəki bəzi rəsmi dairələr Ermənistana meyillənir, gah Azərbaycanın elitasındakı bəziləri Ankaraya qarşı qısqanclıq göstərir (indi onlar vəzifədə deyillər), gah da ictimai rəydə müxtəlif neqativ təsəvvürlər yaradılırdı.

Münasibətləri zədələmək, əlaqələri soyutmaq istəyənlərdən biri də Fətullah Gülən camaatına məxsus olan qruplar idi, hərçənd ki, üzdə qardaşlıq, dostluq haqqında təəssürat yaradılır, batində isə fərqli meyillər inkişaf edirdi.

Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradələri ilə dövlətlər bir-birinə əsl yaxınlıq nümayiş etdirə bildilər və bu, heç də asan olmadı.

Türkiyədə Ərdoğanın nüfuzunu endirmək, onun güclü lider olmasının qarşısını almaq üçün müxtəlif kampaniyalar aparıldı, silsilə terror aktları törədildi, onun hakimiyyətdən devrilməsi planları işə salındı, həmin çətin anlarda İlham Əliyev Türkiyənin yanında olaraq dəstəyini nümayiş etdirdi.

Türkiyə də Azərbaycanın ərazilərinin işğalı ilə barışmayaraq dəstəyini artırdı. Bu isə iki ölkənin daha da yaxınlaşmasını təmin edirdi və Əliyev-Ərdoğan ikilisi hərbi əməkdaşlıqda da yeni səhifə açırdı.

Gedişatlar Bakı-Ankara təmaslarını intensivləşdirirdi və bunun gələcək üçün proqnozları birgə məsləhətləşmələrlə verilirdi.

Amma ortada bir əngəl var idi – bu, Qarabağ münaqişəsi idi, müharibə ocağının qalması həm Azərbaycanın, həm də Türkiyənin ortaq strateji maraqlarının önündə baryer idi.

İlham Əliyevin prinsipial mövqeyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan üzərində sarsıdıcı qələbə qazandı, Türkiyənin Azərbaycana siyasi-diplomatik dəstəyi də burada mühüm rol oynadı.

Azərbaycanla Türkiyənin ortaya qoyduğu prinsipial mövqe ilə iki dövlətin qarşısında duran həmin baryer əridi və regionda yeni əməkdaşlıq səhifəsi yarandı. Bu səhifənin mətnləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsinin xarakterinə uyğun şəkildə yazılır və proses davam edəcək.

Gündəlikdə, bəlkə də, Azərbaycan-Türkiyə hərbi ittifaqını rəsmiləşdirmək və Türk Dövlətləri Təşkilatı çərçivəsində həmin ittifaqı möhkəmləndirmək çağırışları dayanır.

Haradan-haraya… Ağrılı dövrdə dörd helikopter verə bilməyən Türkiyə bu gün Azərbaycanın təhlükəsizliyinə zamin durur və hər-hansı təhdid və ya təhdid rejimi yaradıldıqda Bakı ilə Ankara koordinasiyalı şəkildə hərəkətə keçirlər.

Bu ikilinin hərbi qüdrəti, iqtisadi-siyasi alətləri başqa dövlətləri də onlarla hesablaşmağa vadar edir.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir