
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin
yanvar-oktyabr aylarında əlilliyi olan 117 min şəxsi reabilitasiya
xidmətləri ilə təmin edib.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, onlardan 65,3 mininə ambulator, 27,6 mininə
stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada,
sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya
xidmətləri göstərilib.
Son illər Agentliyin reabilitasiya müəssisələrində ənənəvi
üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya
metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs
terapiyası, hippoterapiya və s.) də tətbiq edilir.
Habelə əlilliyi olan şəxslərə stasionar və ambulator xidmətlərlə
yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da
reabilitasiya xidmətləri göstərilir.

