
Bakı. Trend:
Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz tədarükü idxalçı
ölkələrin enerji təhlükəsizliyini gücləndirib və istehlakçılar üçün
qazın qiymətini daha proqnozlaşdırıla bilən edib.
Bunu Trend-ə
ABŞ-nin Hərbi-Dəniz Aspiranturası Məktəbinin müəllimi, professor
Brenda Şaffer TAP-ın kommersiya istismarına başlamasının 5 illiyi
münasibətilə bildirib.
O qeyd edib ki, Aİ ölkələrinin, BMT-nin və Beynəlxalq Enerji
Agentliyinin əksəriyyətindən fərqli olaraq, Azərbaycan 2010-cu
illərin əvvəllərində Avropaya təbii qaz tədarükünün artırılmasına
ehtiyacın yaranacağını qabaqcadan görürdü və dünyada qaz
tələbatının azalmaq əvəzinə artdığını anlayırdı.
“TAP üzrə yekun investisiya qərarı qəbul edilərkən dünyada bir
çoxları enerji keçidinin – daş kömür və digər yanacaq növlərindən
bərpa olunan enerji mənbələrinə keçidin – qaçılmaz olduğunu
düşünürdü. Lakin Azərbaycan və SOCAR , hazırda təbii qazın bərpa
olunan alternativinin olmadığını və bərpa olunan enerji mənbələri
əslində elektrik enerjisinin dayanıqlı istehsalını təmin edən baza
generasiyası üçün qaz tələbatını artırdığını düzgün qiymətləndirdi.
Son on il ərzində bərpa olunan enerji mənbələrinə qlobal tələbat
artsa da, daş kömür və qaz tələbatı bundan da çox artıb.
Bərpaolunmayan yanacaqlardan bərpa olunan enerjiyə keçid hələ ki,
baş vermir”, – deyə Şaffer vurğulayıb.
O həmçinin qeyd edib ki, Brüssel Azərbaycanı son dərəcə etibarlı
qaz tədarükçüsü və geosiyasi tərəfdaş kimi qəbul edir.
“Təbii qaza tələbatın yeni dövrü formalaşır. Ölkələr artıq açıq
şəkildə qazın vacibliyini bəyan edirlər. Yaxın vaxtlarda çoxsaylı
çoxtərəfli institutlar və dövlətlər təbii qaz layihələrinin dövlət
maliyyələşdirilməsinə dair qadağaları aradan qaldıracaqlar. Mənim
fikrimcə, bütün enerji mənbələri arasında qarşıdakı onillikdə ən
sürətlə artacaq tələbat məhz qaz və daş kömürə olacaq. Qaz
tələbatının bu tendensiyası SOCAR və Azərbaycan üçün son dərəcə
əlverişlidir”, – deyə professor bildirib.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasından
dörd il yarım sonra, Yunanıstan, Albaniya, Adriatik dənizi və
İtaliyadan keçən 878 kilometrlik qaz nəqletmə sistemi kommersiya
istismarına verilib. 31 dekabr 2020-ci ildə TAP ilk qazın nəqlinə
başlayıb. TAP-ın illik ötürmə gücü 10 milyard kubmetrdir və bu
göstərici 20 milyard kubmetrədək artırıla bilər. 2024-cü ilin
yanvarında TAP üzrə tədarüklərin daha 1,2 milyard kubmetr
artırılması təsdiqlənib. Hazırda 2026-cı ildən başlayaraq
Albaniyaya TAP vasitəsilə qaz tədarükünün təşkili ilə bağlı işlər
aparılır.

