Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yüksələn xətlə inkişaf edir – Xanlar Fətiyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində və beynəlxalq iqtisadi
əlaqələrində Mərkəzi Asiya dövlətləri ilə münasibətlər prioritet
istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, bu
coğrafiyada yerləşən dövlətlərlə Azərbaycanın əlaqələri strateji
məzmun daşıyır. Prezident İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) müsahibəsində yer alan fikirlər də
göstərir ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı
əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri
ruhunda inkişaf edir.

Respublikamızla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrin
səviyyəsini dövlət başçılarının qarşılıqlı səfərlərindən də görmək
mümkündür. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi son bir
neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və
təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani
şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya
dövlətlərinin başçıları respublikamıza təxminən 30 səfər ediblər.
Prezident İlham Əliyev isə bu müddətdə qardaş ölkələrdə 13 dəfə
səfərdə olub.

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin yüksək
səviyyəsini göstərən başqa bir məqam isə Prezident İlham Əliyevin
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət
edilməsidir. Bu görüşlərin keçirilməsi təşəbbüsü 2017-ci ildə
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.
Məqsəd Mərkəzi Asiya ölkələrinin inkişafına xidmət edən ikitərəfli
və çoxtərəfli əməkdaşlığın, regional və beynəlxalq iqtisadi
inteqrasiyanın gücləndirilməsidir.

Məşvərət görüşlərinə Prezident İlham Əliyevin dəvət edilməsi
dövlətimizin başçısına olan yüksək ehtiramın, Azərbaycanın dünyada
və regiondakı nüfuzunun, regional və beynəlxalq iqtisadi
inteqrasiya məsələlərində artan rolunun göstəricisidir. Prezident
İlham Əliyev indiyə kimi 2023-cü ildə Düşənbədə, 2024-cü ildə
Astanada keçirilən görüşlərdə iştirak edib. Bu görüşlərin hər biri
Mərkəzi Asiya dövlətlərinin qarşısında dayanan qlobal çağırışların
realizə edilməsi ilə yanaşı, onların Azərbaycanla ikitərəfli və
çoxtərəfli formatlarda əməkdaşlığını genişləndirib. Azərbaycanın
coğrafi mövqeyi, malik olduğu tranzit və logistik imkanlar Mərkəzi
Asiya dövlətlərinin xarici ticarət əlaqələrinin genişləndirilməsi,
onların qlobal çağırışlara vaxtında cavab verə bilmələri üçün
olduqca əlverişlidir. Yaxın vaxtda Zəngəzur dəhlizinin işə düşməsi
bu sahədə olan imkanları daha da artıracaq.

Bu günlərdə isə Prezident İlham Əliyev Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının
7-ci Məşvərət görüşündə iştirak etmək üçün qardaş ölkədə
səfərdədir. Cənab Prezidentin UzA agentliyinə müsahibəsində qeyd
etdiyi kimi Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü
qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun
möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya,
enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində
çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ
olacaq.

Dövlət başçımız müsahibəsində Azərbaycan-Özbəkistan
münasibətləri barədə də ətraflı danışıb. Qeyd edək ki, Azərbaycana
dost dövlətlər arasında Özbəkistanın xüsusi yeri var. Çünki
Özbəkistan Azərbaycanın həm də ən yaxın strateji tərəfdaşlarından
biri və müttəfiqidir. Prezident İlham Əliyevin vurğuladığı kimi
bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin
tarixi və mədəni irs birləşdirir:

“Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.
Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin
tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız
bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır
ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla
inkişaf edir”.

Əlaqələrin inkişafına mühüm təsir edən əsas amillərdən biri isə
iki dövlətin prezidentləri arasındakı dostluq, qardaşlıq və şəxsi
etimaddır. Dövlət başçılarının qarşılıqlı səfərləri də onların
arasındakı dostluğun göstəricisidir. Bu səfərlərin hər biri
Azərbaycan-Özbəkistan əlaqələrinin daha da inkişafına təkan verib,
münasibətlərin strateji məzmununu gücləndirib.

Xüsusən Prezident İlham Əliyevin ötən il Özbəkistana, Şavkat
Mirziyoyevin isə bu il Azərbaycana dövlət səfərləri ikitərəfli
əlaqələri tamamilə yeni səviyyəyə yüksəldib. Belə ki, bu səfərlər
zamanı Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında
Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə
2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər
imzalanıb.

Cənab İlham Əliyev bu barədə danışarkən qeyd edib ki, bu
səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli
əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla,
vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının
reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə
əhəmiyyətli təkan verib.

Özbəkistan dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək
hər zaman Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu
baxımdan torpaqlarımızın işğaldan azad edilməsi Özbəkistanda da
sevinclə qarşılanır. Təsadüfi deyil ki, Özbəkistan Qarabağın
yenidən qurulmasında Azərbaycana yardım göstərmək təşəbbüsünü irəli
sürən ilk ölkədir. Müsahibəsində bu barədə danışan Prezident İlham
Əliyev Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını
daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin
tikintisinə görə bir daha minnətdarlığını ifadə etdi və bildirdi
ki, biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız
arasında həmrəylik, dostluq, qardaşlıq jesti kimi qəbul edəcəyik.
Məktəbin inşası ilə yanaşı Xankəndi şəhərində tikiş fabrikinin
yaradılması da iki ölkənin dostluğunun və qardaşlığının
təcəssümüdür.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi rəqəmlər
isə iki dövlət arasındakı iqtisadi-ticari dövriyyənin artan
dinamikasını nümayiş etdiyini göstərir. Belə ki, əmtəə dövriyyəsi
2024-cü ildə 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin
yanvar-sentyabr aylarında isə bu göstərici keçən ilin eyni dövrü
ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb.
İki ölkə arasında tranzit daşımalarının həcmində də artım var. Ötən
il 2023-cü illə müqayisədə tranzit daşımaları 18 faizdən çox
artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu
rəqəm artıq bir milyon tona çatıb. Bu da ondan xəbər ki, iqtisadi
əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövcud potensialdan
səmərəli istifadə edilir.

Azərbaycanla Özbəkistan uzun illərdir ki, enerji sferasında da
fəal əməkdaşlıq həyata keçirirlər. Son dövrlərdə enerji
sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin
təşviqinə yönəlın sənədlərin imzalanması isə bu sahədə
əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni perspektivlər
açır.

Prezident İlham Əliyevin UzA agentliyinə müsahibəsi göstərdi ki,
Azərbaycan-Özbəkistan münasibətləri bütün müstəvilərdə yüksələn
xətlə inkişaf edir. Bu münasibətlərin əsasında isə iki dövlətin
qardaşlığı, strateji tərəfdaşlığı və prezidentlərin dostluğu
dayanır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir