
Bakı. Trend:
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini
təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın
müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən
götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi
uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil
Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.
Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet
İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları
sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara,
xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti
kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə
ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi
iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri
vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri
Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində
istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını
reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi.
1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş
vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında
səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət
qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən
ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt
qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan
elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün
sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan
əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan
milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət
Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və
iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa
başlayanda xalqın dayağı oldu.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana
rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə
bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını
düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş
verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini
mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır
məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu
ölməyə qoymadı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali
Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider
Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada
muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə
olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın
dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması
barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul
edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət
qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan
tarixi yolun başlanğıcı qoyuldu.

