Yaradıcılıq mühiti insan münasibətlərini qorumağa və stereotipləri aşmağa kömək edir – Səidə Tağızadə “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”
adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.

Trend xəbər verir
ki, verilişin bu dəfəki qonağı Dövlət Uşaq Filarmoniyasının
direktoru, musiqiçi, pedaqoq, konsert ifaçısı və “Simurq” kimi
məşhur layihə də daxil olmaqla bir sıra yaradıcılıq təşəbbüslərinin
müəllifi Səidə Tağızadə olub.

Səidə Tağızadə öz peşəkar yolundan, uşaqlığının təsadüf etdiyi
çətin 90-cı illərdən və musiqinin onun üçün təkcə peşə deyil, həm
də yaşamaq və daxili dayağını qorumaq vasitəsinə necə
çevrildiyindən danışıb.

Onun sözlərinə görə, həmin illərdə yaradıcılıqla məşğul olmaq
bir çox uşaqların və yeniyetmələrin daha da güclənməsinə, həyatda
öz yerlərini tapmalarına kömək edib.

O fəaliyyətindən danışarkən bildirib ki, 2025-ci ilin mayından
Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edir və bu vəzifəni böyük
məsuliyyət kimi qəbul edir. Bununla yanaşı, uşaqlarla təxminən on
illik iş təcrübəsi proseslərin qısa müddətdə qurulmasına, etimad və
yaradıcılıq atmosferinin formalaşdırılmasına və kollektivi daha
fəal mərhələyə çıxarmağa imkan verib.

Filarmoniyanın direktoru xüsusi olaraq onun yaratdığı “Simurq”
layihəsinə – tanınmış pedaqoqları Azərbaycana gətirməyi hədəfləyən
uşaq musiqi-təhsil festivalına toxunub.

O aparıcının suallarını cavablandırarkən qeyd edib ki, musiqi
həmişə “yumşaq diplomatiya” forması olub və siyasi səbəblərlə
bir-birindən uzaq düşmüş insanları belə bir araya gətirməyə
qadirdir. Səidə Tağızadənin sözlərinə görə, məhz yaradıcılıq mühiti
insan münasibətlərini qorumağa, bir-birini dinləməyə və
stereotipləri aşmağa kömək edir.

İki uşaq anası kimi o, tərbiyədə hörmətə, diqqətə və məhəbbətə
əsaslanmağın vacibliyini vurğulayıb. Səidə Tağızadə bildirib ki,
uşaqlar səmimiyyəti həmişə hiss edirlər: əgər onları dinləyirlərsə,
fikirlərinə dəyər verirlərsə, özünüifadə üçün məkan yaradırırlarsa
– onlar güclü və nurlu insanlar kimi böyüyürlər. Əgər uşağın
dediklərinə məhəl qoymurlarsa, onu incidilirsə və ya
sıxışdırılırsa, bu, istər-istəməz onun xarakterinə təsir
göstərir.

Filarmoniyanın direktoru xüsusilə uşaqların fikirlərinə önəm
verməyin vacibliyini qeyd edib. O, bu yanaşmanı tamaşaların
quruluşunda, konsert mövzularının seçimində və dekorasiyaların
hazırlanmasında da tətbiq edir. Onun sözlərinə görə, uşaq mexaniki
tapşırıq icraçısı olmamalıdır. O, özünü müəllif, yaradan və
iştirakçı kimi hiss etməlidir.

Filarmoniyanın hesabında artıq bir sıra uğurlu çıxışlar var.
Bunlara 1 İyun – Uşaqların Müdafiəsi Gününə həsr olunmuş Gəncə
Filarmoniyasında keçirilən parlaq konsert də daxildir. Yayda
genişmiqyaslı dinləmələr təşkil olunub və əvvəlcə təxminən on ifaçı
seçilməsi planlaşdırılsa da, nəticə gözləntiləri üstələyib – solist
bazası demək olar yüz istedadlı uşağa qədər artıb. Kollektiv daha
tez-tez çıxış edir, proqramlar isə daha rəngarəngdir: estrada-caz
axşamlarından tutmuş barokko musiqisinə qədər.

Verilişin tam videoyazısını təqdim edirik:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir