Ağcabədidə maddi-mədəniyyət nümunələri TAPILDI – FOTO

Mədəniyyət

Ağcabədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan “Ədiltəpə yaşayış yeri”ndən bir ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən “Qazantəpə” kurqandan bir ədəd həvəng aşkar olunub.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, maddi-mədəniyyət nümunələri Gəncə Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə baxış keçirərkən aşkar edilib.

Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində “Ədiltəpə yaşayış yeri”nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış, qara rəngli, hündürlüyü 22 santimetr, eni 19 santimetr olan su qabı yer üzünə çıxıb.

Mütəxəssislərin bildirdiyinə görə su qabı e.ə. VII-VI əsrlərə aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə olunub.

Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir