
Bakı.Trend:
18 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam
Respublikasının informasiya texnologiyaları və telekommunikasiya
naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Trend xəbər
verir ki, bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Pakistanın paytaxtı İslamabad
şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində
icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr
aparılıb.
Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması
istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür
edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər
bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını
bildirib.
Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan İslam
Respublikasının Baş nazirinin iştirakı ilə İslamabad şəhərində
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası
Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət”
təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”
imzalanıb.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya
və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN
İnnovativ İnkişaf Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə
də tanış olub.

