Oleq Getman: “Rusiyaya qonşu ölkələr rublun məzənnəsindən narahat olmamalıdırlar”

Dünya

“Rublun möhkəmlənməsi əladır. Belə izah edim, bütün əsas idxalçılar ya fəaliyyətlərini azaldıblar, ya da Rusiyanı tərk ediblər. Rusiya iqtisadiyyatı bundan əziyyət çəkəcək, müasir mallar, yarımkeçiricilər, çiplər, smartfonlar və s. olmayacaq”.

Bu sözləri Oxu.Az-a hələ fevralın sonunda Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsirini bizim üçün şərh edən İqtisadi Ekspert Platformasının iqtisadi qruplarının koordinatoru, Ukrayna Biznes Şurasının Müşahidə Şurasının üzvü Oleq Getman deyib.

Rusiyaya qarşı sanksiyaların işə yarayıb-yaramaması, rublun möhkəmlənməsi ilə bağlı fikirlərə aydınlıq gətirən mütəxəssis bildirib ki, Rusiya Federasiyasından xarici valyuta axını azalıb.

“Digər sanksiyalar neft-qaz sektoruna yönələcək, onların hələlik ciddi təsiri yoxdur, təsir ilin sonunda hesablanır. İndi Avropada Rusiya qazının istehlakı cəmi 10-12% azalıb. Eyni zamanda, Rusiyaya nağdsız (Rusiya Federasiyasında nağd ödəniş qadağandır) valyuta axını böyükdür. Valyutanın gəlişi ilə getməsi arasında ciddi fərq ortaya çıxıb. İdxalçılar cəld, bir neçə ay sonra reaksiya verdilər, bütün ixraclar ilin sonuna qədər dayanacaq. Ani effekt rublun möhkəmlənməsində oldu, lakin bu, nə Rusiya xalqı, nə də Rusiya iqtisadiyyatı üçün yaxşı olmayacaq.

Əslində, Rusiya büdcəsinə daxil olan rubl şəklində konvertasiya edilə bilən dollar və ya avro nəzərəçarpacaq dərəcədə azdır, büdcəyə isə kurs bir dollar üçün 75 rubla qədər daxil edilib və indi, məsələn, bu rəqəm 60 olacaq. Bir trilyon rubl məbləğində çuxur meydana gəlir. Onlar 75 rubla valyuta alacaqlarını gözləyirdilər, amma 60-a, hətta 55-ə alacaqlar”.

Oleq Getman həmçinin rublun möhkəmlənməsinin Rusiya Federasiyasına qonşu dövlətlərə necə təsir edəcəyi ilə bağlı da danışıb:

“Mənə elə gəlir ki, Rusiya ilə qonşu dövlətlər rublun ucuzlaşmasından və ya möhkəmlənməsindən narahat olmamalıdırlar. Başqa bir şey daha vacibdir. Dünyanın əsas ölkələri Rusiya ilə neft-qaz sektoru da daxil olmaqla ixrac və idxalı məhdudlaşdırırlar. Rusiya Federasiyası təcrid olunmuş ölkəyə çevrilir.

Başqa dövlətlər üçün də istər enerji resurslarında, istərsə də avtomobil sənayesində Qərblə əməkdaşlıq üçün inanılmaz imkanlar açılır, daha çoxunu sadalamaq da olar. Rusiya Federasiyasını tərk edən şirkətlər məmnuniyyətlə digər ölkələrlə daha fəal işləməyə başlayacaqlar”.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir