“Onun sözləri, yumorları aforizm kimi dilimizdədir” – Sənət yoldaşları Habil Əliyevi andı – FOTO/VİDEO

Mədəniyyət

Bu gün Xalq artisti “İstiqlal” və “Şöhrət” ordenli sənətkar, əfsanəvi kaman ustası Habil Əliyevin doğulduğu gündür.

Habil Əliyev Azərbaycan incəsənətində göründüyü ilk gündən misilsiz ifaları ilə ürəkləri fəth etməyi bacarıb. 

Sənətkar milli mədəniyyətin inkişafı və sənətdə göstərdiyi xidmətlərinə görə 1964-cü ildə “Əməkdar artist”, 1978-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.

O, dünyanın bir çox ölkələrində – Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Hindistan, Yaponiya, Misir kimi ölkələrdə qastrol səfərlərdə olub.

Sənət dostları mərhum kaman ustası haqqında fikirlərini Oxu.Az-la bölüşüblər:

Xalq artisti, kaman ifaçısı Elşən Mansurov dünyada kamançanın Habil Əliyevlə tanındığını bildirib:

“Bir neçə dəfə Habil Əliyevlə səfərdə olmaq bizə nəsib olub. Birlikdə ABŞ-da, Fransada olmuşuq. Habil Əliyev məzəli-duzlu söhbətləri ilə də yadda qalıb. Hər şeyin yerini bilən, harada kimə nə dediyini bilən biri idi. Onun dediyi məzəli söhbətlərin arxasında da tam ciddilik dururdu. O, söz axtarmırdı, həmişə hazırcavab idi. İndi də gündəlik həyatımızda Habil Əliyevin sözləri, yumorları aforizm kimi dilimizdədir. Habil müəllimin tələbəsi olmayıb, oturub kiməsə dərs keçməyib. Amma onun özü böyük bir məktəb idi və həmin məktəb bu gün də yaşayır. Habil müəllim kamança sənətini həddindən artıq zənginləşdirir. Bu sənətdə Habil Əliyev olmasaydı, kamança sənəti indikindən qat-qat boş görünərdi”.

Xalq artisti, xanəndə Gülyaz Məmmədova Habil Əliyevi ilk dəfə uşaq olarkən müsabiqələrdə gördüyünü və ondan xoş sözlər eşitdikcə necə qürurlandığını qeyd edib:

“Mən Habil müəllimi canlı olaraq ilk dəfə illər öncə uşaqlıqda müsabiqələrdə görmüşəm, sənətinə hörmət etdiyim böyük sənətkardır. Tədbirlərdə tez-tez rastlaşırdıq. Gənc xanəndə olaraq Habil müəllim kimi böyük sənətkarla birgə çıxış etmək böyük bir xoşbəxtlikdir. Habil müəllimin sənətinə, insanlığına həmişə sevgim olub. Verilişlərin birində Gülyanaqla mənim çıxışım oldu. Habil Əliyev bizim çıxışımızı izləyib o qədər bəyənmişdi ki, efirə zəng edib haqqımızda “bu qızlar gələcəyin çox gözəl xanəndələridirlər” demişdi. Biz bu sözləri eşidib qürur duyduq ki, böyük bir sənətkar bizə dəyər verdi. Bu hər adama nəsib olan xoşbəxtlik deyil. 

Dövlət tədbiri var idi. Habil müəllim gəldi, durduq ayağa görüşdük. Dönüb hər kəsin içində dedi ki, “bu qızlar hər zaman dövlət tədbirlərində ifa edirlər. Ona görə də dövlət onlara dəyər verir. Bu qızlar sevdikləri sənətə hörmətlə yanaşırlar. Mən istəyirəm bütün gənclər belə olsun. Siz toya qaçarsınız, ancaq bu qızlar toyu qoyub  tədbirə qaçar. Bu qızlar şan şöhrət, pul dalınca qaçmır. Sənəti sevirlər deyə sənət onları ağuşuna alıb şan şöhrətə aparır”. Mən bunu ömrü boyu unutmuram. Habil müəllimin baməzə zarafatları xalqın dilindən indi də düşmür. Birlikdə Moskvaya konsertə getmişik. Yol boyu zarafatla deyib gülməklə keçdi. Bayağı mahnılar yayılmağa başlamışdı. Elə hirslənib əsəbiləşirdi, şikayət edirdi ki, heyif bizim zamanımızdan. O, yaradıcılığı ilə tarix yazıb möhür vurdu. Görün nə gözəl sənətkardır ki, ölümündən sonra da, sevilir anılır”.

Xalq artisti, musiqiçi, Munis Şərifov bu sənəti seçməsində Habil Əliyevə olan sevgisinin əsas olduğunu vurğulayıb:

“Dahi ustad Habil Əliyev kamançanı bütün dünyaya tanıtdı. Biz hər dəfə birlikdə səhnəyə çıxanda görürdük ki, Habil Əliyev necə sevilir, bütün salon ayağa qalxırdı. Habil müəllim kimi sənətkarlar 200, 300 ildə bir gələr. Yeni ifaçılıq məktəbi, üslub, tərz yaratmaq hər adama nəsib olmur. Tarixdə onun adı həmişə qızıl hərflərlə qalacaq. Min kamança səsi gəlsə onun içində Habil müəllimin ifası seçilir. Mən Habil müəllimi eşidib ona, sənətinə olan sevgimə görə kamança sənətinə yönəldim. Tək mən yox, bir çox kaman ifaçıları, musiqiçilər Habil müəllimi özünə örnək götürərək bu sənəti sevib”. 

Əməkdar artist, muğam ifaçısı Babək Niftəliyev kaman ustası haqqında fikirlərini bildirərkən Habil Əliyevlə eyni gündə – 28 may tarixində dünyaya gəldiyini də əlavə edib:

“Habil Əliyevin ölümündən bir neçə il öncə bizim dostluq münasibətlərimiz oldu. Mütəmadi olaraq tez-tez birlikdə oturub söhbətlər aparırdıq. Həmişə sənəti aşılayırdı, köhnə sənətkarlardan, sənətdən, başına gələn hadisələrdən danışardı. Əvəzolunmaz böyük sənətkarımızdır. Kamança deyilən kimi dərhal Habil Əliyev yada düşür. Nəinki kaman ifaçıları digər sənətkarlar, ifaçılar da ondan bəhrələnib”.

“Mən kamançadan çox razıyam. İnanıram ki, kamançanı da mən utandırmamışam, o da məndən razıdır”, – deyən Habil Əliyevi vəfatından bir müddət əvvəl Təbrizdə baş tutan konsertdə kamança ilə belə vidalaşır.

2015-ci ildə ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Habil Əliyev elə həmin il sentyabrın səkkizində vəfat edib. Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilib.

Dilşad Bəhruzqızı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir