İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda digər finalçı da bəlli olub.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan turnirin ikinci yarımfinal görüşündə “Suqovuşan” və “Ağdam” komandaları üz-üzə gəliblər.
Qarşılaşmanı fəxri qonaq qismində Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsindən deputatı, Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və İdman Komitələrinin, eləcə də Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Vüqar İskəndərov, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, əslən Ağdamdan olan Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatları və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, müxtəlif nüfuzlu turnirlərin qalib və mükafatçısı, əslən Ağdamdan olan cüdoçu Rüstəm Orucov izləyib.
Ənənəvi olaraq, qonaqlar topa rəmzi toxunuş etdikdən sonra oyun başlayıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn “Ağdam” finalda Xocavənd”ə rəqib olub. Suqovuşan” isə 3-ci yeri tutub və fəxri diplomlarla təltif edilib.
Qeyd edək ki, Zəfər Kubokunda həlledici oyun iyunun 19-da – mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum günündə oynanılacaq.
www.RIA24.az