Bakıda ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı keçiriləcək

Baş səhifə

Bakı.Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-11 dekabr tarixlərində
paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə –
2025” keçiriləcək.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil
olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində
əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı
anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi
daşıyır.

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin
beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda
multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə
verdiyi töhfəni bir daha nümayiş etdirəcək.




Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin
təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat,
təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv
dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı
sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi
nəzərdə tutulur.

Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət
rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm,
mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə
mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival
çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksəksəviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu”
(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər
sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino
proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış
dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq
sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri
ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Tədbir haqqında ətraflı məlumat: https://week.creative.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir