Kumite, kata və para-karate millilərimiz Avropa çempionatında ən böyük uğurlarını qazanıb – FOTO

İdman

Azərbaycanın karate millisi Türkiyənin Qaziantep şəhərində keçirilmiş 57-ci Avropa çempionatını altı medalla başa vurub.

Oxu.Az xəbər verir ki, mükafatların ikisi qızıl, bir o qədəri isə gümüş və bürüncdür.

Qızıl medalları para-karate seçmə komandasının üzvlərindən Emiliya Mitlinova (görmə qüsurlu idmançılar) və Eldar Əhmədov (əlil arabası istifadəçiləri) qazanıb. Nihat Məmmədzadə (görmə qüsurlu idmançılar) isə gümüş medala sahib olub. Bu nəticə ilə Azərbaycan ikinci olub. 14 ölkənin medal qazandığı yarışda İspaniya (3-3-2) birinci, Macarıstan (1-0-2) üçüncü yeri tutub.

Ötən il dünya və Avropa üçüncüsü olmuş kumite milli komandamız bu dəfə Avropa ikincisi olub. Heyəti Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev, Pənah Abdullayev və Tural Ağalarzadədən ibarət komanda Fransa ilə final görüşünə üstünlüklə başlasa da, sonda rəqibinə 1:3 hesabı ilə məğlub olub. Bu nəticə Avropa çempionatında kumite millimizin ən böyük uğurudur.

Fərdi kumite yarışlarında isə yeganə medalı üçüncü yerə çıxan Mədinə Sadiqova (-55 kq) qazanıb. Bu, millimizin yeni üzvünün mötəbər yarışda ən ciddi qazandığı nəticədir.

İsmayıl Quliyev, Tural Balcanlı, Rövşən Əliyevdən ibarət kata üzrə heyət də uğur qazanıb və onlar ilk dəfə Avropa üçüncüsü olub.

Sağlamlarda qazanılan bir gümüş və iki bürünc medalla Azərbaycan ümumi komanda hesabında 22 medal qazanan ölkə arasında 11-ci yeri tutub. Birinci yerə meydan sahibi Türkiyə (7-1-1), ikinci yerə Xorvatiya (2-1-1) və üçüncü sıraya İspaniya (1-3-1) yiyələnib.

Avropa Karate Federasiyasının Hakimlər Komitəsi Cahangir Babayevə beynəlxalq yarışlarda 15 illik hakimlik etməsi münasibətilə rəmzi gümüş nişan təqdim edib.

Qeyd edək ki, qitə çempionatına 45 ölkədən 454 karateçi, para-karateçilərin Avropa çempionatına isə 15 ölkədən 48 idmançı qatılmışdı.

Səbuhi Musa

www.RIA24.az

Spread the love