
Bakı. Trend:
Azərbaycan tarixində, dövlətçilik tarixində yeni bir
kibertəhlükəsizlik xidməti provayderi qismində tanınan şirkətlər
artıq Azərbaycanın kritik infrastrukturlarını qoruyacaqlar. Bu, çox
qürurverici hadisədir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud
Rüstəmov bu gün Bakıda keçirilən “2-ci Beynəlxalq Caspian
Innovation Forum”unda deyib.
“Çox arzulanandır ki, təhlükəsizliklə bağlı həllər təklif
olunardı və biz o həllərin test olunmasında, inkişaf etdirilməsində
nə qədər dəstək ola biliriksə, biz həmişə buna hazırıq”, – o
bildirib.
Davud Rüstəmovun sözlərinə görə, ölkənin informasiya
təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasında milli həllərin
hazırlanması ilə bağlı bir çox bəndlər təşviq edir ki, informasiya
mühafizə vasitələrinin yerli həlləri hazırlansın:
“Biz kriptoqrafik mühafizə vasitələrini xaricdən alırıq. Amma
biz heç əmin deyilik ki, o kriptoqrafik mühafizə vasitələrinin
içərisində onun standartı ilə bağlı təsdiqini bizə kim verəcək.
Bizim test mühitinə ehtiyacımız var. Biz Milli Kibertəhlükəsizlik
Mərkəzində müvafiq standartların tələblərinə uyğun ümumi meyarlar
laboratoriyasını qurduq. Dekabr ayında bizim ölçmə cihazlarımızın
ən son sonuncuları ölkəyə daxil olacaq. Bu cihazları almaqla yanvar
ayından artıq ölkədəki testlərə də başlaya biləcəyik. Bu testlər
əminəm ki, bizim təhlükəsizlik muhitimizi daha da gücləndirəcək.
Kriptoqrafik mühafizə vasitələrinin doğrudan da dayanıqlı
olub-olmadığını subyektlərə deyə biləcəyik”.

