Polis Akademiyasında konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual
problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans
keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova,
Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan,
Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri
iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif
qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti,
Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları,
magistr və doktorantları da tədbirə qatılıblar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının daxili işlər
nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb. O,
tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar
arzulayıb və əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə
innovativ yanaşmaların müzakirəsi, effektiv hüquqi mexanizmlərin
təhlili və qlobal təcrübənin paylaşılması olduğunu vurğulayıb.

Tədbir panel çıxışlarla davam edib.




İştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin
cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları
və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin
cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və
praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi
barədə fikirlər səsləndirilib.

Konfrans çərçivəsində normativ-hüquqi bazanın
təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara
uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı
yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər
kimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında
əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha
da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının
təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və
elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi
aparılıb. Cinayətkarlığın statistik və kriminoloji təhlilinə dair
yeni elmi layihələrin hazırlanması da prioritet istiqamətlərdən
biri kimi qeyd olunub.

Tədbirdə iştirak edən qonaqlar beynəlxalq konfransın təşkilini
yüksək qiymətləndirib və əməkdaşlıqdan məmnunluqlarını ifadə
ediblər.

Konfrans işgüzar və səmərəli mühitdə başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir