AHK: Bu il Azərbaycanda tikinti materialları istehsalı 1,2 mlrd. dollara çatacaq

Baş səhifə

Azərbaycanda tikinti materialları sənayesi güclü artım mərhələsinə daxil olub və 2025-ci ildə sahənin ümumi istehsal dəyərinin ən azı 1,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Bu barədə “APA-Economics”ə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK) məlumat verilib.

Palatadan bildirilib ki, statistik göstəricilər sektordakı yüksəliş dinamikasını təsdiqləyir. Belə ki, 2024-cü ildə tikinti materiallarının istehsal dəyəri 837 milyon ABŞ dollarına bərabər olub ki, bu da 2020-ci illə müqayisədə iki dəfə çoxdur. Ötən il real artım tempi isə 17 faizə yaxın təşkil edib.

Tikinti üçün bütün növ xammalın hasilatı və çıxarılması üzrə sektorun dəyəri 2024-cü ildə 180 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb və 2020–2024-cü illər arasında faktiki olaraq üç dəfə artıb.

Tikinti materiallarına artan tələbat əsasən Qarabağda genişmiqyaslı bərpa işləri, Bakı aglomerasiya zonasının infrastrukturunun yenilənməsi, şəhərsalma üzrə yeni baş planların icrası, mənzil tikintisində yüksək temponun qorunması, sosial infrastrukturun təmiri və modernizasiyası, eləcə də neft-qaz sektorunda canlanan tikinti fəaliyyəti ilə bağlıdır.

Bununla belə, Palata bildirir ki, son illərdə müşahidə olunan güclü artım templərinə baxmayaraq, bazar potensialı hələ tam istifadə olunmayıb. Ölkə daxilində və qonşu bazarlarda tikinti xidmətlərinə davamlı yüksək tələbatın orta müddətdə artımı daha da sürətləndirəcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir