
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
(AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməz
dəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR
(“Disruption Assistance For Any Reason”) adlı yeni rəqəmsal xidməti
istifadəyə verib. Bu xidmət gecikmə və ya reysin ləğvi kimi
hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə
tutur.
Trend xəbər verir ki, bu
barədə AZAL məlumat yayıb.
DAFAR xidməti AZAL-ın rəsmi
veb-saytı və mobil
tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi
təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma
olan HTS (“Hopper Technology Solutions”) ilə tərəfdaşlıq
çərçivəsində tətbiq edilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri
istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra
sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha
çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə
bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:
- müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut
üzrə uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron
edilməsi; - bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə
səyahətin ilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən
“Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil
Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına
uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. “Bu
tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün
daha çevik, operativ xidmətin təmin edilməsinə imkan
yaradacaq”.
“Hopper” və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz
növbəsində bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlıq
etməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları
genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün
əlavə dəyər yaradır.”
Qeyd edək ki, HTS məlumat analitikası və süni intellekt əsaslı
texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə
fintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyaları
platformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri
və turizm xidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət
dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər daxil
olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir.

