BP-nin BTC və Bakı-Supsa kəmərlərinin operatorluğundan çıxması məsələsinə aydınlıq gətirilib – YENİLƏNİB

Baş səhifə

Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən, neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulub.

Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “APA-Economics”in sorğusuna cavab olaraq, Gürcüstan mətbuatında BP şirkətinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatorluğunu təhvil verəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məhz bu sazişlərə əsasən, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib: “Yenə də həmin sazişlərə əsasən, Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan, Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır”.

***

16:23

BP şirkəti Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media” nəşrinə məlumat verilib.

Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır. Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyalarının “SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.

BP hər iki boru kəmərinin operatorluğundan çıxmasına baxmayaraq, BTC və CQBK-nin səhmdarı olaraq qalır. Şirkət BTC səhmlərinin 30,1%-nə, CQBK səhmlərinin isə 29,99%-nə sahibdir.

Operator funksiyalarının ötürülməsi prosesinin başa çatdırılması müvafiq sazişin əldə olunacağı təqdirdə, 2026-cı ilin birinci yarısının sonuna planlaşdırılıb.

Qeyd olunub ki, operator rolunun ötürülməsi Səngəçal terminalına şamil edilmir. Müvafiq tərəflərə operator funksiyasının təhvil verilməsindən sonra BP “Azəri-Çıraq-Günəşli”, “Şah Dəniz” layihələri və Səngaçal terminalının operatoru rolunu özündə saxlayacaq, BTC və CQBK layihələrində səhmdar qismində iştirakını davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir