Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq – Cəlil Xəlilov

Baş səhifə

Bakı. Trend:

Vaxtı ilə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin
salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi
ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından
zəruridir.

Bunu Trend
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd
edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ:
Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin
bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda
III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu
müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir:

“Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan
soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər
zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət
mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana
qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm
beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm
əhəmiyyətə malik olduğunu qeyd edib.

Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də
dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini
baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı
olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi
yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək
edəcək.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi
Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə
artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın
edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan
iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən
ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas
iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki,
dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında
bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.

Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu
ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham
Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan
didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin
edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və
sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət
çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz
prioritetliyini qoruyub saxlayacağını göstərir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir