
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt
Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan
Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın
iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu
deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin
göstəricisi kimi qiymətləndirdi.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf
etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə
yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxundu.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən
göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam
rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin
binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına
bir daha təşəkkür etdi.
Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən
hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə
göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu
dedi.
Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz
Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq
Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya
təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev
Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində
mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğuladı.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu
deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə
yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən
artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir
neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd etdi.
Dövlətimizin başçısı vurğuladı ki, Fondun kapitalının formalaşması
üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı
təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya
ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk
dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq
xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün
tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna
görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək
vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz
regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və
sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında
qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu
oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt
Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır
Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud
olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və
Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji
tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı
ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə
toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının
artırılmasının əhəmiyyətini vurğuladı.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini
səbirsizliklə gözlədiklərini dedi.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya
qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq
doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı
məsələlər müzakirə olundu.

