Veteran cüdoçularımız Yunanıstanın İraklion şəhərində keçirilən Avropa çempionatının ilk günündə altı medal qazanıb.
Oxu.Az-ın xəbərinə görə, veteranlardan ibarət komandamız iki qızıl, iki gümüş və iki bürünc medala yiyələnib.
M7 yaş kateqoriyasında Fərhad Rəcəbli (-90 kq) və M5 yaş kateqoriyasında Mübariz Cəfərov (-90 kq) Avropa çempionu olublar. M5 yaş kateqoriyasında Müşviq Cəfərov (-73 kq) və M6 yaş kateqoriyasında Qabil Qasımov (+100 kq) gümüş medalla kifayətləniblər. M6 yaş kateqoriyasında Natiq Qasımov (-81 kq) və M8 yaş kateqoriyasında Şamil Sövzəliyev (-81 kq) bürünc medal əldə ediblər.
Doqquzqat dünya çempionu F.Rəcəblinin səkkizinci dəfə Avropanın ən güclüsü olması isə Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında da qeyd olunub. Yarışın birinci gününün yekunlarına həsr edilən məqalədə bildirilir ki, bir sıra yaş kateqoriyalarının birləşdirilməsinə və bununla da bəzi veteran cüdoçular üçün yarış şərtlərinin mürəkkəbləşməsinə baxmayaraq, Fərhad Rəcəblinin (62 yaş) möhtəşəm performans göstərməsinə heç kim mane ola bilməyib.
Xatırladaq ki, Azərbaycan cüdoçuları arasında Avropa miqyaslı yarışlarda ilk dəfə medal qazanaraq, adını ölkə idmanı tarixinə həkk etdirən məhz F.Rəcəbli olub. O, 1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa birinciliyində üçüncü yerə layiq görülüb. Azərbaycan cüdosunun tanınmış siması indiyə qədər veteranlar arasında doqquz dəfə dünya və səkkiz dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Bununla kifayətlənməyən F.Rəcəbli gənc nəslə örnək olaraq, bacarıqlarını daim təkmilləşdirir və tatami üzərində yeni qələbələrə imza atmaqda davam edir. İraklionda da cüdo əfsanəmiz triumfla geri dönərək, öz qalib imicinə sadiq qalıb.
“Bu mənim səkkizinci Avropa medalımdır. Bildiyiniz kimi, bizim üçün cüdo təkcə idman deyil, həyat tərzidir. Yarışlarda iştirak etməyimlə yanaşı, 1985-ci ildən Sumqayıt şəhərində cüdo idman növü üzrə məşqçi kimi çalışıram. İndi mənimlə birgə turnirə qatılan veteran cüdoçular hələ altı-yeddi yaşlarında mənim tələbələrim idilər. Bunu görmək mənim üçün həm sevindirici, həm də qürurvericidir”, – deyə F.Rəcəbli EJU-nun rəsmi saytına verdiyi müsahibədə vurğulayıb.
Müəllifin sözlərinə görə, 50 il ərzində davamlı olaraq cüdo idman növündə idmançı və məşqçi kimi fəaliyyət göstərən Fərhad Rəcəbli bütün cüdo ailəsi üçün nümunədir.
www.RIA24.az