Deputat: “Prezidentin Xankəndi, Xocalı qərarını gözləyək, buna hamımız şahidlik edəcəyik” – MÜSAHİBƏ

Siyasət

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda qəbulu ilə bitdi. 

Büdcə sənədi və onun aktuallığını nəzərə alıb, Milli Məclisin deputatı Ramil Həsəndən müsahibə almaq qərarına gəldik. Mövzunu büdcədən başladıq, Xankəndi məsələsində bitirdik. Deputatın Oxu.Az-a müsahibəni təqdim edirik:

– Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrasına dair sənəd birinci oxunuşda müzakirəyə çıxarıldı. Amma çıxışlardan belə başa düşülür ki, büdcənin icra olunmasında parlament nöqsan tapmadı, fikirlər hökumətin tərifinə yönəlmişdi. Sizin fikriniz necədir?

– Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclis qarşısında qoyduğu çağırışlar var. Bunlar sağlam tənqidin mövcudiyyəti, eyni zamanda ölkəmizdəki islahatlarda Milli Məclisin rolu ilə bağlıdır. Bununla yanaşı, mövcud olan problemlərin ifadə edilməsi üçün millət vəkilləri önündə təlimat qoyulur. Prezidentin altıncı çağırış Milli Məclisin ilk iclasında etdiyi çıxış əsasən də Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri üçün yol xəritəsidir.

Milli Məclisin iclaslarında çıxış edən deputatlarla yanaşı, çıxış etməyənlər də var. Kimsə çıxış etmirsə, bu, o demək deyil ki, onların mövqeyi yoxdur. Sadəcə olaraq hansısa deputat öz fikirlərini fərqli formatda təqdim edir, məsələn, media vasitəsilə. Yəni fikirlərimizi başqa cür ifadə etmək üçün geniş imkanlarımız mövcuddur.

– Siz özünüz mövcud olan problemləri necə qabardırsınız?

– Seçicilərlə bilavasitə görüşən biri kimi onların problemlərini aydın görə bilirik. Seçicilərin şikayətləri ilə bağlı aidiyyəti qurumlara məktub vasitəsilə müraciət edirik. Milli Məclisin komitə və plenar iclaslarında da məsələlər qaldırırıq. Eyni zamanda problemləri Yeni Azərbaycan Partiyasının rəhbərliyinə çatdıra bilirik. Hökumət bizim müraciətlərə çevik və operativ reaksiyalar verir. Ancaq bir məsələ də var ki, hər qaldırılan məsələni qısa müddətdə həll etmək mümkün deyil. Mənim təmsil etdiyim Ucar rayonunun ən böyük problemi su problemidir. Bunlar zaman etibarı ilə mərhələ-mərhələ öz həllini tapır.

– Hökumət tək bir nazirlik və ya komitədən ibarət deyil. Ümumi kontekstdə parlamentlə hökumət qanun çərçivəsində koordinasiya yarada bilirmi?

– Bəli.

– Hansı nazirlik və ya digər hökumət qurumu sizin müraciətlərə cavab vermir?

– Mən nazirliklərin müraciətlərimə cavab verməməsi problemi ilə qarşılaşmamışam. Mən ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə və TƏBİB-ə, müharibə iştirakçılarının müraciətləri ilə bağlı isə Müdafiə Nazirliyinə müraciətlər edirəm.

– Daxili İşlər Nazirliyi? Maraqlı gəldi, bu güc strukturundan hansı şikayətlər var?

– Şikayət deməzdim. Seçicilərimin mənə müraciətləri sırasında pandemiya dövründə yazılan cərimələrlə bağlı məsələlər də yer alır. Onlar cərimələrin silinməsini xahiş edirlər. Amma bilmək lazımdır ki, Daxili İşlər Nazirliyi yazılan cərimələri silmək səlahiyyətinə malik deyil. Daxili İşlər Nazirliyi sadəcə olaraq cərimələrin kəsilməsi prosesi ilə məşğul olurdu. Cərimələrin silinməsi üçün məhkəməyə müraciət etmək lazımdır. Daxili İşlər Nazirliyini qanun çərçivəsində vətəndaşların hüquqlarının qorunmasına çalışan qurum kimi xarakterizə edirəm.

– Ucarda susuzluq probleminin kökü təkcə relyeflə bağlıdır?

Azərbaycanda su problemi mövcuddur, bu, xüsusilə aran rayonlarında özünü qabarıq göstərir. Ucar hansısa çayla, su anbarı ilə birbaşa bağlantısı olmayan rayondur. Su qıtlığı vətəndaşların kənd təsərrüfatı məhsullarını yetişdirməsində əngəllər yaradır.

– “Azərsu”nun təqsirləri yoxdurmu?

– Ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsinə görə, təyinatı üzrə də düzgün sistem qurulmayıb. Buna görə də vətəndaşlar suyun təminatı məsələsində əziyyət çəkirlər. Ancaq digər faktlar da var, onları sizin nəzərinizə çatdırım.

Kanallar, arxlar çəkilib, onlardan doğru-düzgün istifadə lazımdır. Yuxarıda yaşayan qonşu suyu limitsiz istifadə edir, aşağıdakı susuzluqdan əziyyət çəkir. Yuxarıdakı qonşu dərk etməlidir ki, onun israfa vararaq istifadə etdiyi su həm də başqasının haqqıdır. Dövlətlə yanaşı, vətəndaşların da üzərində məsuliyyət var.

Hökumət tərəfindən tədbirlər görülür, məsələ kökündən həll edilməsə belə, vətəndaşların xeyrinə müsbət istiqamətdə şərait yaradılır. Bəs yetərlidirmi? Xeyr! Suyun təminatı doğru-düzgün bölüşdürülməlidir. Lazımdırsa, rayonlarda hər evin qarşısına su sayğacı qoyulmalıdır. Vətəndaş bilməlidir ki, istifadə etdiyi suyun pulunu ödəyəcək. Yeri gələndə suyu israf etməyə görə vətəndaşa cərimə kəsilməlidir ki, o, başqasının haqqına girməsin. Bir vətəndaşın haqqının başladığı yerdə digər vətəndaşın haqqı bitir və ya məhdudlaşır.

– Rayonlarda ən çox eşitdiyimiz şikayətlərdən biri də hansısa məmurun su mənbələrinə əl uzatması ilə bağlıdır. Deyirlər ki, məmur suyun axarını öz villasına yönəldib və digərləri buna görə əziyyət çəkirlər. Düzü, bunu yoxlamamışıq. Hər halda sual olunur: İsrafı edən təkcə sıravi vətəndaşlardır, yoxsa məmurlar sırasında da belələri var?

– Ucar elə bir rayondur ki, orada hansısa məmurun özünə villa tikməsi absurd görünür. Ona görə də, mənim əlimdə hansısa fakt yoxdur. Təklifim odur ki, dövlət qurumları və vətəndaşlar bir çox məsələdə olduğu kimi, suyun istehlakında da birlikdə işləməlidirlər. Bizim mental xarakterlərimizdə də bəzi dəyişikliklər etmək lazımdır. Adam var, düşünür ki, öz problemi həll olunduqdan sonra qonşusunun problemi qalsa da olar.

– Cəmiyyətdə Milli Məclisin obrazı haqqında neqativ fikirlər mövcuddur. Bunun səbəbi nədir?

– Azərbaycan Konstitusiyası vətəndaşlara hüquq və azadlıqlar tanıyır. Bu baxımdan hər kəsin öz fikrini açıq söyləmək imkanı var. Əvvəllər sosial şəbəkələr bu qədər geniş yayılmamışdı. Həmin dövrlərdə vətəndaşların subyektiv fikirləri cəmiyyətdə belə sürətlə yayılmırdı. İndi isə sosial şəbəkələr fenomenə çevrilib. Əslində vətəndaşların bir neçə il öncəki fikri ilə indiki arasında elə də kəskin fərq yoxdur. Sadəcə olaraq informasiyanın sürətlə yayılması mexanizmi insanlarda belə təəssürat yaradır ki, beş il əvvəl düşüncə fərqli idi. Hansısa vətəndaş tənqid, digəri hətta təhqir edə edir. Lakin bu, o demək deyil ki, təhqir etdiyi Milli Məclis və ya deputat işləmir. Bir şeyi də nəzərə almalıyıq ki, əhalinin sayı artıb. Ona görə də fikirlərin müxtəlifliyi çoxdur.  

– Etiraf edirsiniz ki, Milli Məclisin obrazı dəyişməyib?

– Qəbul etmək lazımdır ki, altıncı çağırış Milli Məclis digər çağırışlardan fərqlənir. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyəti bundan ibarət idi ki, Milli Məclisə yeni ruh və yeni nəfəs gəlsin. Yeni formalaşmış parlamentin islahatlara uyğun addımlar atması üçün Milli Məclis rəhbərliyi əlindən gələni bütün şəraiti yaradır.

– Parlamentin Beynəlxalq münasibətlər komitəsinin üzvüsünüz, bir vaxtlar isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının – indiki Türk Dövlətləri Təşkilatının –  baş katibi işləmisiniz. Təşkilatın daxilini yaxşı bilərsiniz. TDT-nin hədəfləri haraya qədərdir?

– Avropa Birliyi kömür birliyi kimi yaranmışdı. Bu gün Avropa Birliyi hegemon bir təşkilatdır və öz maraqlarını diktə edə bilir. TDT isə hansısa dövləti və ya təşkilatı özünə rəqib olaraq seçməyib. Belə bir hədəfi də yoxdur.

TDT iqtisadi və siyasi cəhətdən strateji, sıx əməkdaşlıq platformasıdır. TDT çox uğurlu şəkildə fəaliyyət göstərir. Təşkilatın adının dəyişərək Türk Dövlətləri Təşkilatı adlanması da əbəs deyil. Bu, təşkilatın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

– Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Azərbaycanın bəzi ərazilərində xidmət aparır. Azərbaycan cəmiyyətində Rusiya və onun sülhməramlı qüvvələri haqqında mənfi fikirlər çoxdur. Üstəgəl vətəndaşlar “niyə Xankəndiyə getmirik”, “Xocalı niyə bizdə deyil” və sair kimi suallar səsləndirirlər. Proses haraya qədər davam edəcək?

– Mən Prezident İlham Əliyevə inanıram. Ürəyi Azərbaycanla döyünən vətəndaşlar da, öz liderinə, Ali Baş Komandana inanmalıdırlar.

Prezidentin özünün də dediyi kimi, o nəyi nə zaman harada edəcəyini çox gözəl bilir. Bizim heç birimiz dövlət başçısının aldığı informasiya qədər məlumat almaq imkanına malik deyilik. Ölkə başçısının aldığı informasiyaların obyektivliyi, ciddiliyi şübhə doğura bilməz.

Ona görə də Xankəndi, Xocalı məsələsi ilə bağlı cənab Prezidentin verəcəyi qərarı gözləmək lazımdır. Hər birimizin arzusu budur ki, Azərbaycan bayrağı Xankəndidə, Xocalıda dalğalansın. Əminəm ki, bu da olacaq! Hər şeyin zamanı var. Prezidentin bu istiqamətdə atdığı addımlar mövcuddur. Hansı formada, nə zaman baş verəcək – əminəm ki, buna hamımız şahidlik edəcəyik.

Rusiya ilə bağlı sualınıza gəlincə, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin gözü tərəzidir. Azərbaycan xalqı yüz illər boyunca formalaşaraq dərin təhlil etmək imkanına yiyələnib. Dövlət Azərbaycan cəmiyyətinin müxtəlif fikirlər söyləməsinə böyük imkanlar yaradır.

Aqşin Kərimov  

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir