
Bakı. Trend:
İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik
göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması
tələbi əslində cəmiyyətdən gəlir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc parlamentin bugünkü plenar iclasında “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.
“Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə istər media,
istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verən
cəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı və
beynəlxalq reytinqlərdə yer davası aparanlar əxlaqi pozuculuqdan
qazananlardır”, – deyə o vurğulayıb.
Komitə sədri bildirib ki, problem təkcə etik çərçivələrin
pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə
çevrilməsidir.
“Xüsusilə “Telegram” kanalları və “TikTok” platfromasında
nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni
vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi
pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi
senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik
cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı
elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu
göstərir.
Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq
sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya
platformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılan
terror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı və
hakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları,
kontentləri və simulyasiyaları linç alətinə çeviriblər.
Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər,
“əxlaqsızlıq azadlıqdır” hökmü ilə milli dəyərləri yox etməyə
çalışanlardır”, – deyə o fikrini tamamlayıb.

