
Bakı. Trend:
Mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə cəzalar
sərtləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya
daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda (“xeyli
miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür)
ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın
iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.
Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv
etmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç
mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.
Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv
etmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş
mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə
və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli,
irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.
“Dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət
haqqında” Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə
siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya
daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina
edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında
qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

