Zabit Səmədovun döyüşü Bakıda karate yarışının məkanının dəyişdirilməsinə səbəb olub – ARAŞDIRMA

İdman

“Bakıda keçiriləcək Premyer Liqa yarışının məkanını müəyyənləşdirmək üçün bu şənbə baxış keçirəcəyik. Bizə dörd tatamini yerləşdirmək üçün uyğun olan zal lazımdır. “Sərhədçi” İdman Olimpiya Mərkəzi və Bakı İdman Sarayı bu meyarlara cavab vermir”.

Bunu Oxu.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

2-4 sentyabrda Bakıda karate üzrə ilin son Premyer Liqa yarışı keçirilməlidir. Lakin yarışın keçirilməsi üçün məkanı tapmaq müşkülə dönüb. Yarış üçün Milli Gimnastika Arenası nəzərdə tutulsa da, həmin tarixdə digər turnirin olacağı deyilib. Bu səbəbdən də mayın 11-də bu barədə açıqlama yayan Milli Karate Federasiyası Premyer Liqa yarışı üçün arena axtarmaq məcburiyyətində qalıb.

“Heydər Əliyev Sarayı və Bakı Kristal Zalına baxmaq istəyirik. Əgər onlar razıdırlarsa və Ümumdünya Karate Federasiyasının (WKF) meyarlarına cavab verirlərsə, yarışı orada keçirməyimiz mümkündür. WKF nümayəndəsi bunun üçün buraya gəlib baxış keçirə bilər. İyunun 15-nə kimi arenanı müəyyənləşdirməliyik ki, WKF federasiyalar üçün yarış haqda bülleteni yaysın.

Biz turniri WKF-ə başqa vaxt keçirməyi təklif etdik ki, Milli Gimnastika Arenasında yarışı təşkil edə bilək. Lakin WKF prezidenti buna razı olmadı. Dedi ki, bir il əvvəldən bütün yarışların vaxtı müəyyənləşdirilib. Onun sözlərinə görə, bu vaxt dəyişdirilsə, digər yarışlara maneçilik olacaq”, – deyə Yaşar Bəşirov bildirib.

Bəs Azərbaycandakı beynəlxalq yarışın keçirilməsinə mane olan hansı turnirdir? Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadənin sözlərinə görə, həmin tarixdə hansısa gimnastika yarışı nəzərdə tutulmayıb:

“Biz o tarixdə Avropa Kuboku keçirməyi planlaşdırırdıq. Ancaq sonradan həmin yarışa ev sahibliyi etməyimiz 2023-cü ilə qaldı. Bu səbəbdən də karate yarışının Milli Gimnastika Arenasında baş tutmaması bizdən qaynaqlanmır”.

Lakin Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev Oxu.Az-a açıqlamasında hər şeyə aydınlıq gətirib. O bildirib ki, Zabit Səmədovun bu arenadakı döyüşünə görə karate yarışı baş tutmayacaq:

“Sentyabrın 10-da Zabit Səmədovun döyüşü olacaq deyə biz Milli Karate Federasiyasından həmin yarışın başqa vaxta keçirilməsini xahiş etmişdik. Çünki Zabit artıq döyüşü təşkil edən alman şirkəti ilə müqavilə bağlayıb. Biz federasiyadan cavab gözləyirdik. Ancaq siz deyirsinizsə ki, yarışın tarixini başqa vaxta keçirmək mümkün olmadı, deməli, belədir. Çox təəssüf. Biz həmin yarışın Milli Gimnastika Arenasında keçirilməsini istəyirdik. Çünki 2018-ci ildə cüdo üzrə dünya çempionatı da bizim arenada baş tutmuşdu və belə bir yarış təcrübəmiz vardı”.

Səbuhi Musa

www.RIA24.az

Spread the love