Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan təhlükəsizlik böhranı, üç ay yarımdır gedən genişmiqyaslı müharibə, bu fonda yaşanan gərginlik, hətta kütləvi qırğın silahlarının tətbiqinə dair bəyanatlar və s. məqamlarla bağlı milli təhlükəsizlik məsələləri üzrə amerikalı ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Zukerman Oxu.Az-a fikirlərini bildirib.
Şimali Atlantika Alyansında yetişən böhran vəziyyəti, Türkiyə-Yunanıstan münasibətləri, Ankaranın ədalətli olaraq İsveç və Finlandiyanın NATO-ya qəbulunun əleyhinə olması ilə bağlı məsələlər barədə danışan İrina Zukerman Yunanıstan və Türkiyə münasibətlərinin iqtisadi məsələlərlə əlaqəli olduğunu bildirib.
“Bu, yeni bir şey deyil. Amma indi Ankara “Ukrayna böhranı” ilə bağlı danışıqlar prosesində əsas gücə malik tərəflərdəndir və düşünürəm ki, Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün maksimum iqtisadi fayda əldə etmək məqsədilə mövcud durumdan istifadə etmək qərarına gəlib.
İsveç və Finlandiyanın NATO-ya daxil olmasına gəlincə, burada hər şey tam aydındır. Ankara öz mövqeyindən geosiyasi mənfəət üçün istifadə edir. Türkiyə Helsinki və Stokholmu kürdləri, xüsusilə də PKK-nı dəstəkləməkdə ittiham edir. Eyni zamanda hamıya aydındır ki, NATO öz sıralarını genişləndirməklə bağlı addımlardan boyun qaçıra bilməz. Lakin Şimali Atlantika Alyansı nəzərə almadı ki, Türkiyə onu maraqlandıran məsələləri həll etmək üçün bütün imkanlardan istifadə edəcək…”, – deyə amerikalı ekspert qeyd edib.
Bayden administrasiyasının Azərbaycana yanaşması ilə bağlı da fikirlərini bölüşən Zukerman Azərbaycanın mühüm enerji təchizatçısı olaraq dünyada gedən son proseslərdə önəmli vasitəçi kimi rol oynaya biləcəyini bildirib.
“Azərbaycan mühüm enerji təchizatçısıdır. Rusiya da Avropa və müəyyən mənada hətta ABŞ-a iqtisadi təzyiq göstərmək üçün neft və qaz faktorundan istifadə etməyə çalışır. Ona görə də, Azərbaycan bu məsələdə müttəfiqdir. Bundan əlavə, Türkiyə ilə münasibətlərinizi nəzərə alsaq, Bakı həm də NATO üçün mühüm tərəfdaşdır. Burada İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə qayıda bilərik. Problemi Azərbaycan kimi mühüm vasitəçinin köməyi ilə həll etmək olar”, – deyə o vurğulayıb.
Amerikalı ekspert Ağ Evin müttəfiqləri olmadan öz maraqlarını yürüdə bilməyəcəyini anladığını qeyd edib və bu yaxınlarda Co Baydendən Azərbaycana iki təbrik mesajının – Müstəqillik Günü şərəfinə və Bakı Enerji Həftəsi ilə əlaqədar təbriklərin gəlməsinin də təsadüfi olmadığını bildirib.
Nair Əliyev
www.RIA24.az