
Bakı. Trend:
Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan
Din Xadimlərinin II Forumu keçirilir.
Trend xəbər
verir ki, Forum dünyəvilik və vicdan azadlığı kimi təməl
konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və
vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi və
mədəni aspektləri, eləcə də ölkədə multikultural və tolerant
mühitin daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion
prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr
edilib.
Forumda müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil
müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə
yanaşı, Türkiyə və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət
qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din
münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal
informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”,
“Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod
və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi
inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri
təşkil olunacaq.

