Dünya azərbaycanlıları yenidən bir arada

Baş səhifə

Bakı. Trend:

Qarabağ Zəfərinin 5 illiyinin qeyd edildiyi 2025-ci il dünya
azərbaycanlılarının yaddaşına qürur, birlik və milli ruh ili kimi
həkk olunub. Soydaşlarımız Zəfərimizlə bağlı 81 ölkədə
100-ə yaxın tədbir təşkil etməklə Azərbaycanın onlar üçün

misilsiz qürur mənbəyi olduğunu, yola saldığımız ilin tariximizin
unudulmaz mərhələsinə çevrildiyini nümayiş
etdiriblər.

Bu barədə Trend-ə Diasporla
İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
ənənəyə uyğun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı
videokonfransda Zəfər ilinin ruhu hiss olunub, görüş
soydaşlarımızda Vətənə olan sonsuz sevginin parlaq təzahürünə
çevrilib.

Görüşdə 86 ölkədən 1000-ə yaxın soydaşımız iştirak edib.

Videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad olunması ilə
başlayıb.

DİDK sədri Fuad Muradov soydaşlarımızı salamlayıb, Prezident
İlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin uğurlu
nəticələrindən danışıb, diasporumuzun 2025-ci ildə birlik və
iradəsini, milli gücünü bir daha dünyaya nümayiş etdirdiyini qeyd
edib.




Konfransda komitənin və Azərbaycan diasporunun 2025-ci ildəki
fəaliyyətini əks etdirən videohesabat təqdim olunub, xaricdəki
icmalarımızı fərqləndirən, fəaliyyətlərinə dəyər qatan layihələr
barədə danışılıb. Nəzərə çatdırılıb ki, hazırda dünyanın 20
ölkəsində 31 Azərbaycan Evi, 15 Koordinasiya Şurası, yüzlərlə
diaspor təşkilatı, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan
məktəbi, eləcə də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan
Qarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir.

Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə
təbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət və
qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hər
zaman Azərbaycanın və onun siyasi rəhbərliyinin yanında olduqlarını
bəyan ediblər.

Çıxış edənlər dünya azərbaycanlılarının birlik və həmrəylik
içində, koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini, Zəfərin 5
iliyinin hər bir soydaşımız üçün qürurun, sevincin və milli
birliyin zirvəsi olduğunu dilə gətirib, həmrəylik və sülh
çağırışlarını səsləndiriblər. Dünya azərbaycanlıları 2026-cı ilin
yeni ideyalar, yeni məqsədlər və yeni başlanğıclar ili olacağına
ümidlərini ifadə ediblər.

Daha sonra Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə
təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm
töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli
əlaqələrinin inkişafındakı səmərəli işlərinə görə bir qrup diaspor
üzvü “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan
Respublikasının medalı ilə təltif olunub.

Görüşdə Azərbaycan mədəniyyətini dünyada tanıtdıran diaspor
üzvlərinin iştirakı ilə müxtəlif musiqi nömrələri nümayiş olunub,
soydaşlarımızı birliyə, həmrəyliyə çağıran Diaspor Himni
səsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir