
Bakı.Trend:
Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət
iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması
məqsədilə daha iki layihə icra edilib.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunun Süleyman Vəzirov küçəsində
hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının
daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata
keçirilib. Küçə boyu yol nişanları və nişanlanma xətləri normativ
tələblərə və standartlara əsasən yenidən təşkil olunub. Bu,
sürücülər və piyadalar üçün daha aydın, oxunaqlı və təhlükəsiz
hərəkət mühiti formalaşdırmağa xidmət edir.
Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi
saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən
edilib. Bu qərar piyadaların təhlükəsizliyinin təmin olunması
baxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq təcrübəyə uyğun
“təhlükəsiz məktəb zonası” yanaşmasını əks etdirir.
Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə
kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman
Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində
düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə
sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir
işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən
şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi
əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test
rejimində fəaliyyət göstərir.
Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat
alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının
paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində
yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait
yaradılıb.
Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov
və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən
təşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla
nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış
kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün
altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt
istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə
təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb,
kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz
hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni
zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb,
yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil
edilib.
Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov
küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən
paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt
şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında
yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək
məcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat
yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə
yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və
yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.
Görülən tədbirlər ümumilikdə şəhər nəqliyyat sisteminin
funksionallığını artırmaqla yanaşı, təhlükəsizlik, rahatlıq və
davamlı hərəkət prinsiplərinə uyğun müasir yol mühitinin
formalaşdırılmasına xidmət edir.

