
Bakı. Trend6
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı
ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK)
Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və Uşaq
Sığınacağını ziyarət ediblər.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
mətbuat xidməti məlumat yayıb.
Ziyarət zamanı vəkillər sığınacaqda yaşayan uşaqlarla səmimi
ünsiyyət qurub, onlarla birgə vaxt keçirərək bayram ab-havasını
bölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların
sevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.
Sığınacağın rəhbəri Mehriban Zeynalova çıxış edərək qonaqları
salamlayıb, Kollegiyanın sədri Anar Bağırova və Qadın Vəkillər
Alyansının üzvlərinə uşaqlara göstərilən diqqət və qayğıya görə
minnətdarlığını ifadə edib.
Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında
bildirib ki, Alyansın əsas məqsədi sığınacaqda yaşayan uşaqlara
yalnız hüquqi biliklərin çatdırılması ilə kifayətlənməyərək, eyni
zamanda onlara sevgi, inam və gələcəyə ümid aşılamaqdır. O, bu cür
sosial təşəbbüslərin davamlı olacağını vurğulayıb.
Ziyarət çərçivəsində Alyans üzvləri UEFA Çempionlar Liqasının
əsas mərhələsinin VI turunda Bakıda keçirilən “Qarabağ” – “Ayaks”
(2:4) oyununu Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbər
Zülfüqarovla da görüşüblər. Ona sevimli komandaya aid forma və
xatirə hədiyyələri təqdim olunaraq xüsusi diqqət göstərilib.

