Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovun Oxu.Az saytına müsahibəsi:
– Azərbaycanda keçirilən altıncı “Formula-1” Qran-prisi başa çatdı. Yarışda iki “Ferrari” komandası finişə çata bilmədi. Ola bilsin ki, bu, yekunun həyəcan dolu keçməsinə kölgə saldı. Yarışa dair təəssüratlarınız necədir?
– Azərbaycan növbəti dəfə möhtəşəm idman hadisəsini bütün dünyaya nümayiş etdirdi. Hər il olduğu kimi, bu il də Azərbaycan Qran-prisi dramatikliyi ilə yadda qaldı. Mövsümün favoritlərindən hesab olunan “Ferrari”nin yarışdan kənarda qalması, “Aston Martin”, “Haas” və “Alfa Romeo” kimi komandaların da mübarizəni dayandırıb xal qazana bilməməsi yarış cədvəlinə təsirsiz ötüşmədi. Düşünürəm ki, bu yarış ümumilikdə “Red Bull” komandasının bu trekdə lider olmasını bir daha sübut etdi. Ötən il Bakıda bəxti gətirməyən Maks Ferstapen bu il, nəhayət ki, qalib gəldi. Həmin ilin qalibi Serxio Peres isə Bakıda yenidən – dördüncü dəfə podiuma layiq görüldü. Hesab edirik ki, “Bakı sindromu” ənənəsi davam edir və bu il də fərqli pilotun qələbə çalması bizə “Formula-1” təqvimində Bakı trekinin unikallığını qoruyub saxlamağımıza imkan verdi.
– Müzakirə olunan mövzulardan biri də Luis Hamiltonun avtomobilinin silkələnməsi ilə bağlıdır. Məlumdur ki, bu mövsüm “Mercedes”in avtomobilində aşkar problemlər var və bu hələ də həllini tapmayıb. Bunun Bakı treki ilə bir əlaqəsi varmı? Beynəlxalq Avtomobil Federasiyası (FIA) bununla bağlı bir fikir bildiribmi? Zəhmət olmasa, bu məqama aydınlıq gətirərdiniz.
– Nə “Formula-1” rəhbərliyindən, nə də FIA-dan bununla bağlı bizə hər hansı bir rəy daxil olmayıb. Bildiyiniz kimi, bütün yarış trekləri yalnız FIA-nın texniki baxışından keçərək yarışa hazır vəziyyətə gətirilir. Bu halda söhbət bəzi komandaların maşınlarının texniki nasazlığından gedir. Bütün avtomobilin və şassinin dəyişdirilməsi səbəbindən avtomobillərin “delfinləşdirilməsi” baş verir. Bəzi komandalar, məsələn, “Mercedes” bu təsirdən xilas olmaq üçün hələ də avtomobillərini optimal vəziyyətə gətirməkdə çətinlik çəkirlər. Bu əvvəlki “Formula-1” yarışlarında da özünü büruzə verirdi, lakin Bakı yarışında xüsusilə nəzərəçarpan idi. Çünki mövsümün ən yüksək sürətli düzlüyü Bakı trekindədir. Bakı halqası şəhər trekləri arasında ən sürətli treklərdən biridir. Bu səbəbdən həmin məsələ trekin deyil, birbaşa avtomobillərin aerodinamik tənzimlənməsi ilə bağlı sırf texniki bir problemdir.
– Bilet satışından razı qaldınızmı? Əyləncə zonasından Bakıya çoxlu turistlərin gəldiyi aydın görünürdü. Turistlərin sayı ilə bağlı ilkin rəqəmlər varmı?
– Bu il bilet satışından çox razıyıq. Biz xüsusən də böyük konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki, ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur. Onu da qeyd etmək yerinə düşər ki, bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə “Formula-1”lə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir. Bu, xüsusilə ona görə əlamətdardır ki, ötən illərdə Rusiyadan bizə çox sayda turist gəlirdi. Çətinliklər üzündən bu il oradan gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və s. kimi digər ölkələrdən turist axını artıb.
– Həftəsonu “Formula-1” rəhbərliyi ilə Azərbaycan Qran-prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması məsələləri də müzakirə olundumu?
– Biz “Formula-1”lə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var.
Aqil Vəlili
www.RIA24.az