Azərbaycanda epidemioloji vəziyyət açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Hazırda ölkədə qrip və kəskin respirator viruslarla bağlı
epidemioloji vəziyyət nəzarət altındadır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, infeksiyaların yayılmasını nisbətən
azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri
profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə
aparılır: spesifik və qeyri-spesifik tədbirlər.

“Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji
fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də
daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım
müşahidə olunur. Kəskin respirator virusların yayılması ilə yanaşı
qeyd etmək lazımdır ki, dekabr–fevral ayları məhz fəsli qripin pik
dövrü hesab olunur. Nəzərə almaq lazımdır ki, qrip infeksiyası
digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk
qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb
ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun
geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə
ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və
təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən
tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq
olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının
peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək
məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə
olunmaqla geniş maarifləndirmə işləri aparılır.

Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda
əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda
infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast
gəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz
risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların
yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu
yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş
ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir”.




Mütəxəssis qeyd edib ki, qrip vaksini vurulduqdan sonra virusa
qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb
olunur:

“Buna görə də peyvəndləmə üçün əsasən sentyabr–oktyabr ayları
daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji
mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda
bu proses ölkə üzrə davam etdirilir.

İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər
hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır.
Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması
daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın
təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək,
qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında
aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu
salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə
toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə
sabunla yumaq bu tədbirlər sırasındadır.

Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali
tərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirmə
işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin
effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi
yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və
tövsiyələrə əməl etməsi həlledici rol oynayır”.

Təyyar Eyvazov vurğulayıb ki, qeyd olunan tədbirlərə riayət
etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının
qarşısını almaq mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir