Dünya Bankının göstəricilərinə görə, əgər 2018-ci ildə qlobal baxımdan dünyada 12 min fintex təşkilatı var idisə, 2021-ci ilin əvvəlində bu, 23 minə yüksəlib.
“Report” xəbər verir ki, bunu “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, fintexlərə yatırılan vəsaitlər də artıb:
“2021-ci ildə fintexlərə qoyulan investisiyalar 210 milyard ABŞ dollara çatıb. Görünən odur ki, fintexlərin ekosistemə sürətli daxilolması bankları da daha çevik və sürətli addımlar atmağa vadar edib və maliyyə institutları da artıq fintex kimi düşünməyə başlayıb”.
Son il ərzində həm Azərbaycan Mərkəzi Bankı, həm də ekosistemin iştirakçıları tərəfindən aparılan silsilə tədbirlərin nəticəsində nağdsız ödənişlərin həcmi artır:
“Bu göstərir ki, artıq insanlarımızda nağdsız ödənişlər üzrə fikir formalaşıb. İyunun 1-nə olan məlumata görə, dövriyyədə olan ödəniş kartlarının sayı 12,4 milyon ədəddir ki, bu da analoji dövrlə müqayisədə 20% çoxdur. Həmin kartlarla ölkədaxili nağdsız ödənişlərin həcmi 2,2 dəfə artaraq səkkiz milyard manata çatıb. Nağdsız ödənişlərin çəkisi 12,4 faiz bəndi artaraq ümumilikdə 40%-ə çatıb. Nağdsız ödənişlərdə xüsusi önəm kəsb edən elektron ticarət 2,7 dəfə artaraq altı milyard manata çatıb.
Bu statistika onu göstərir ki, ölkədə nağdsız iqtisadiyyat istiqamətində silsilə uğurlu tədbirlər aparılır”.
www.RIA24.az