Dolların bahalaşması manata kəskin təsir edəcək? – AÇIQLAMA

İqtisadiyyat

Ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dolların beynəlxalq bazarlardakı dəyərinə ciddi şəkildə təsir edən uçot dərəcəsi barədə qərarını açıqlayıb. Belə ki, qurum ABŞ-ın milli valyutasının uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlamaq qərarına gəlib.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacağını da açıqlayıb.

Paralel olaraq FED sədri Cerom Pauell uçot dərəcəsinin növbəti ayda da yenidən artırılacağını istisna etməyib. Bəs bu vəziyyət öz növbəsində Azərbaycana və birbaşa manatın məzənnəsinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini qaldırmasının əsas səbəbi inflyasiyadır:

“Amerikada, eləcə də bütün dünyada son 30-40 ilin ən yüksək inflyasiyası müşahidə edilir. Son inflyasiya rəqəmləri 8,3 faiz proqnozlaşdırılırdı, lakin 8,6 faiz – bir qədər üstün oldu. Bunun müəyyən hissəsi dünyada baş verən hadisələrlə – müharibələrlə izah olunur. Məsələn, neftin qiymətinin son dövrlər sürətlə qalxmasının FED siyasəti ilə bir əlaqəsi yoxdur. Amma yenə də pul kütləsi çox olaraq qalır. FED 2020-ci ildən pandemiya ilə mübarizə çərçivəsində iqtisadi-işgüzar aktivliyi qorumaq üçün başlatdığı siyasəti getdikcə daha kəskin şəkildə əks istiqamətə çevirir.

Hazırda FED dolların dəyərini artırmaqla məşğuldur. Daha aydın olması üçün qeyd edim ki, qaldırılan faiz pulun qiyməti deməkdir. Dolların qiymətinin artması isə təbii ki, digər valyutalarla müqayisədə dolların bahalaşmasına gətirib çıxarır. Hazırda ən vacib valyutalar olan funt, avro, TL ilə müqayisədə dollar bahalaşır”.

Ekspert qeyd edir ki, prosesin manata təsiri isə hazırda manatın hansı siyasəti yeritməsindən asılıdır:

“Manat açıq bazarda alınıb satılmır. Çünki açıq bazarda manatın alqı-satqısı olarsa, dolların bahalaşması manatın ucuzlaşması təzyiqini yaradır. Digər tərəfdən manatın asılı olduğu məsələlər var. Bunlar neft və qaz resurslarının qiymətidir. Hazırda müharibə ilə əlaqədar qiymətlər çox yüksək səviyyədə qərarlaşıb. Ölkənin tədiyə balansında birinci rüb elan edildi və neftin, qazın qiymətinin yüksək olması səbəbindən böyük bir profisit var. Bu, hazırda manatın dəyərini, məzənnəsini dəstəkləyən ən böyük faktordur. Manatın dəyəri açıq bazarda formalaşmır. Manatın məzənnəsinin təyini Mərkəzi Bank tərəfindən tədiyə balansı, Neft Fondunun resurslarının və bazarda satdığı valyutanın həcmini nəzərə alaraq, hələlik, dollara qarşı sabit saxlanılır. Nəticə etibarilə baş verən odur ki, manat digər valyutalarla birgə dollara qarşı bahalaşır. Məsələn, manat avroya qarşı da, funta qarşı da bahalaşır”.

X.Kərimli bu gün Azərbaycanda da 13-14 faizə qədər inflyasiyanın olduğunu deyib:

“Buna görə də FED-in dolları bahalaşdırması manata təzyiq formalaşdırsa da, inflyasiyanın yüksək olması, dövləti manatın dəyərini ucuzlaşdırmamağa sövq edir. Əsas amillərdən biri də neft-qaz qiymətlərinin yüksək olmasıdır ki, manatın məzənnəsinin sabitliyinə zəmin yaradır. Bu baxımdan manatın məzənnəsi dollara qarşı hələ də asılı olaraq qalacaq. Çünki, ölkənin gündəliyində əsas məsələ inflyasiyaya qarşı mübarizədir”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir