TƏBİB stomatoloqların etirazlarına münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı
üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub.
Araşdırmalar göstərir ki, stomatoloji xidmətlərin göstərilməsi
zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı
xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat
materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən
maliyyə gəlirlərini üstələyir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, bunun nəticəsində stomatoloji xidmətlərin mövcud
şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən
səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma
tədbirlərinin görülməsi zərurəti yaranıb.

Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il
tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta
üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunan şəxslərə tibbi
xidmətlərin ödənişsiz göstərilməsini təmin edir:

“Bununla yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında”
Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası
Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə
təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə
əsasən, Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri
tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin
tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə
göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının
müvafiq qərarları ilə tənzimlənir.




Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari
tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla
həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə
Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı
ilə təsdiq edilib.

Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın
artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif
regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac
göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji
xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların
qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız
qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının
azaldığı müəyyən edilib”.

“Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin
şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının
ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin
Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının
və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam
verilməsi əsaslarından hesab olunur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in
tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı
aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun
olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması,
o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin
tələblərinə ciddi riayət olunmaqla təmin edilir”.

Qeyd edək ki, rayonlarda fəaliyyət göstərən stomatoloqlar
ixtisarlara etiraz olaraq TƏBİB-in qarşısında etiraz aksiyası
keçiriblər. Təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan
etitaz aksiyası üçün Bakıya gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir