
Bakı.Trend:
Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının
sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol
verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən
daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı
yekunlaşdırılıb.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla Könül Əliyevanın sözügedən
vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb
məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun
köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin
edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron
informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət
etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini
rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən
sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan
vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar
rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə
həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2
(təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə
saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə
barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri
seçilib.
İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə
qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün
aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

