“Qayınana”nı tənqid edən Şeyxə sənət adamlarından cavab: “Dünən artıq dünyanı tərk edib, dəfn etmişik” – FOTO

Mədəniyyət

Xalq artisti Şeyx Əbdül Mahmudov “Qayınana” filmini tənqid edib.

“Gəl danış” proqramında açıqlama verən rejissor bu əsərin Azərbaycan ədəbiyyatına xas olmadığını iddia edib.

“Bəlkə də, mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, “Qayınana” əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə “evlər yıxan” aktyorlardan biri olub. Sonradan acınacaqlı taleyi oldu. Bu əsər Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Əvvəl tamaşası səhnələşdirildi, sonra filmi çəkildi. Kimin anası, nənəsi elədir?” – deyə Şeyx Əbdül bildirib. 

Onun bu fikirləri sənət adamları tərəfindən birmənalı qarşılanmayıb.

Oxu.Az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı bu cür yanaşmanı düzgün hesab etməyib:

“Uzun müddət gəncləri kinoya yaxın buraxmadılar, özləri işlədilər, özləri çəkildilər, özləri çalışdılar. Öz işlərinə bu cür qiymət verirlərsə, burada bizə deyiləcək heç bir söz yoxdur. Axır zamanlar Şeyxin çox qəribə açıqlamaları olur. Onda gərək sovet dövründə çəkilmiş filmlərin üstündən xətt çəkək ki, bunlar bizim əxlaqımıza ziddir, bunlar sovet ideologiyasına xidmət edən filmlərdir. Onda gərək bütün tariximizi silək, duraq qıraqda. 

Mən bir vətəndaş, bir tamaşaçı olaraq onu deyə bilərəm ki, “Qayınana” filmi və bu mövzu uzun illər Azərbaycan teatr səhnəsində oynanılıb və daim tamaşaçısı olub. Heç bir azərbaycanlı tamaşaçı onu özünə təhqir hesab etməyib, əksinə, gəlib, baxıb, əylənib.

Film çəkilib, filmdə bizim gözəl aktyorlarımız rol alıblar. Tamaşaçılardan hələ heç kim yazmayıb ki, bu bizim əxlaqımıza zidd filmdir. Onda gərək bizim hörmətli rejissorumuz Əbdül “Yeddi oğul istərəm” filminin də üstündən xətt çəksin. Özü də çəkilib orada, bolşeviklərdən, komsomollardandır. Bu bizim tariximizdir, bütün bunları biz yaşamışıq. Onda gərək Azərbaycan ədəbiyyatında yazılmış 70% əsərdən imtina edək.

“Qayınana” filmi komediyadır, Azərbaycan tamaşaçısının yaddaşında özünə yer tapmış bir filmdir. Mən burada Azərbaycan əxlaqına uyğun olmayan ciddi bir şey görmürəm. Bu mənim bir tamaşaçı olaraq münasibətimdir”.  

N.Mehdixanlı həmçinin “dünənimizi daha çox təftiş etməkdənsə, bu günümüzə daha diqqətli yanaşaq” deyərək bugünkü vəziyyətdən gileylənib:

“Bu gün çəkilən elə film, seriallar var ki, Azərbaycan milli əxlaqını yıxıb-sürüyür. Nədənsə onların haqqında heç kim heç nə danışmaq istəmir. Elə verilişlər var ki, Azərbaycan mənəviyyatına qarşı təxribatdır. Amma heç kim bu barədə heç nə danışmır. Əksinə, gedib iştirak edirlər. Mənəvi dəyərlərə təxribat xarakterli hadisələrin yaşandığı veriliş, proqram, filmlər və seriallara qarşı münasibətimizi bildirək.

Dünənki qaldı dünəndə. Dünən artıq dünyanı tərk edib, dəfn etmişik, üstünə də abidəsini qoymuşuq. Biz bu günün daha çox qeydinə qalmalıyıq. Mən belə düşünürəm və Şeyximizə də uzun ömür arzulayıram. Çox arzu edirəm ki, illərdən bəri həsrətində olduğu, çəkmək istədiyi filmi nəhayət ki, çəkə bilsin”.   

Xalq artisti Naibə Allahverdiyeva da mövzu ilə bağlı Oxu.Az-a fikirlərini bildirib.

“Bəs kino, film, komediya nə üçündür? Onun üçündür ki, cəmiyyətdə olan eybəcərlikləri üzə çıxarır və insanları düşünməyə vadar edir ki, bunu belə etmək olmaz. Komediya cəmiyyətdə olan eybəcərlikləri ifşa edir və göstərir k, bu cür olmaz. Biz hər şeyi niyə mentalitetə bağlayırıq? Guya elə qayınanalar olmayıb? O qədər olub, ondan pisi olub. Elə indi müasir dövrümüzdə də görürük. O vaxtlar gəlinlər qayınanalarının yanında qul olurdular. Bunu gizlətmək, “bizdə belə şey yoxdur” demək düzgün deyil, bu olub axı. Bu, yazıçının təxəyyülü deyil ki, həqiqətən, olub belə şeylər. Hərənin bir fikri var.

Ola bilər, Şeyx Əbdül başqa mənada deyib, onu başqa mənaya yozublar. Azərbaycan əxlaqına zidd olan elə şeylər baş verir ki, biz bunu gizlədə bilmərik. Biz ideal cəmiyyət deyilik axı. Bizdə elə şeylər baş verir ki, heç Avropada baş vermir. Bu, faktdır. “Qayınana” filmi bizim ən gözəl filmlərimizdən biridir. O film mənim çox xoşuma gəlir. Həqiqətən, o film insanlara çox şey dedi. Qayınanalar, gəlinlər bir-biri ilə mehriban olub, ana-qız münasibəti bəsləməlidirlər. Çox mesajlar verirdi ki, komediya da elə bu deməkdir”, – deyə N.Allahverdiyeva əlavə edib.

Dilşad Bəhruzqızı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir