Avropa çempionu olan millimizin üzvü: “Ermənilərə bütün görüşlərdə qalib gəldik” – FOTO/VİDEO

İdman

Rumıniyanın paytaxtı Buxarestdə rekord nəticəylə Avropa çempionu olan yunan-Roma güləşi üzrə U-17 milli komandamız ötən gecə Vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, səkkiz medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığmamız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük çoşquyla qarşılanıb. Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri, jurnalistlər, yeniyetmə idmançılar və milli üzvlərinin yaxınları iştirak ediblər.

Komandanın böyük məşqçisi Taleh İsrafilov qələbəni belə şərh edib:

“İkinci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. 51, 65 və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İnşallah, bu uşaqlardan gələcəkdə Olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik”.

U-17 Avropa çempionatında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) bunları deyib:

“Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. Səkkiz medalla komanda hesabında birinci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edərik. Ermənilərlə keçirdiyimiz dörd görüşün hamısında qələbə qazandıq”.

Digər Avropa çempionu Məhəmməd Qasımzadənin (60 kq) fikirləri isə belə olub:

“Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdilər. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördü. İki qızıl, beş gümüş və bir bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum”.

www.RIA24.az

Spread the love