
Bakı. Trend:
Bərpaolunan enerjiyə keçid və istilik effekti yaradan qaz
emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması bu
gün respublikamızın innovativ inkişaf məqsədlərindən biridir. Bu
məqsəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” sənədində öz əksini tapıb. Bir neçə gün öncə 240
meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının
istifadəyə verilməsi ölkəmizdə bu sahədə qarşıya qoyulan
vəzifələrin uğurla icra olunduğunu nümayiş etdirdi.
Ümumiyyətlə, respublikamızda elektrik enerjisi sisteminin
modernləşdirilməsi və yeni generasiya güclərinin yaradılması hər
zaman xüsusi diqqət mərkəzində saxlanılan əsas məsələlərdən
biridir. Xüsusən son 20 il yeni elektrik stansiyalarının inşası,
mövcud stansiyaların əsaslı şəkildə yenidən qurulması və ölkəmizin
hər yerində elektrik enerjisi ilə təchizatın dayanıqlılığının daha
da gücləndirilməsi ilə əlamətdardır. Bu baxımdan respublikamızın
yüksəlişinin əsas xüsusiyyətlərindən biri generasiya güclərinin
əhəmiyyətli dərəcədə artırılmasıdır. Hazırda ölkəmizin ümumi
elektrik enerjisi istehsalı gücü 10 min meqavata bərabərdir. Cənab
Prezident İlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimindəki
nitqində bunu tarixi rekord adlandırdı. Xatırladım ki, 2025-ci ilin
iyun ayında istifadəyə verilən 1880 meqavat gücündə “8 Noyabr”
Elektrik Stansiyası müstəqillik dövrünün ən böyük elektrik
stansiyası olmaqla, Azərbaycanın enerji təhlükəsizliyini daha da
gücləndirdi, bu sahədə ixrac potensialımızı bir qədər də
artırdı.
Azərbaycanın elektroenergetika siyasətinin əsas özəlliklərindən
biri də bu sahədəki müasir çağırışları vaxtında və düzgün
dəyərləndirməsidir. Qlobal çağırışlar isə elektrik enerjisinin
istehsalında və istehlakında bərpaolunan enerjiyə
transformasiyadır. Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji
ilə bağlı böyük potensialı var. Azərbaycanda yalnız dənizdə külək
enerjisinin potensialı 157 qiqavatdır, quruda isə külək və günəş
enerjisinin potensialı 27 qiqavatdır. Bunlarla yanaşı,
respublikamızda «yaşıl hidrogen» potensialı da olduqca böyükdür,
torpaqlarımızın işğaldan azad edilməsi isə bu imkanı daha da
artırıb. Azərbaycanın son illərdəki inkişaf reallıqlarından biri də
ondan ibarətdir ki, respublikamız bu potensialdan səmərəli istifadə
edərək, bərpaolunan enerjiyə sürətli keçid edir. Məsələn, Vətən
müharibəsinin başa çatmasından ötən dövr ərzində «yaşıl enerji»
zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti
hesabına ümumi potensialı 300 meqavatdan çox olan 40-a yaxın kiçik
su elektrik stansiyası inşa olunub. Lakin bu son deyil və Prezident
İlham Əliyev “Xızı-Abşeron” KES-in açılış mərasimində bildirdi ki,
işğaldan azad edilmiş ərazilərin potensial su elektrik
stansiyalarının xəritəsi də tərtib edilib və bu bölgədə təqribən
500-600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa
olunacaq.
Eyni zamanda son illərdə bərpaolunan enerjiyə keçidlə bağlı bir
neçə nəhəng layihənin də icrasına başlanılıb. Bunlardan biri
2022-ci ilin martında təməli qoyulan, Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti tərəfindən inşa edilən və 2023-cü ilin oktyabr
ayında açılışı olan 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik
Stansiyasıdır. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş
elektrik stansiyasıdır. “Qaradağ” GES həm də ölkəmizdə xarici
investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş
elektrik stansiyasıdır. Burada hər il 500 milyon kilovat-saat
elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində
təbii qaza qənaət ediləcək, o cümlədən, atmosferə atılan karbon
emissiyası 200 min ton azaldılacaq.
Yanvarın 8-də açılışı olan 240 meqavat gücündə “Xızı-Abşeron”
KES-in təməli 4 il əvvəl, 2022-ci ilin yanvarında qoyulmuşdu.
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən
inşa edilən bu layihənin icrasına təxminən 340 milyon ABŞ dolları
xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı
həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da
nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400
min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı
alınacaq. Beləliklə, “Xızı-Abşeron” KES-in istifadəyə verilməsi həm
də onu göstərir ki, respublikamız istilik effekti yaradan qaz
emissiyasının azaldılması ilə bağlı qarşısına qoyduğu məqsədlərə və
qlobal çağırışlara sadiqdir.
Azərbaycanda inşa edilən bu elektrik stansiyaları həm də
dövlət-özəl əməkdaşlığının ən gözəl nümunələrindən biridir. Xarici
şirkətlərin Azərbaycanın elektrik enerjisi sektoruna sərmayə
yatırmaları respublikamızdakı əlverişli biznes mühitindən xəbər
verir. “Xızı-Abşeron” KES “ACWA Power” şirkəti tərəfindən
Azərbaycanda inşa edilən birinci bərpaolunan elektrik
stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları
var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Ölkəmizdə
ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması
layihəsini də investor kimi bu şirkət icra edəcək.
Hazırda bərpaolunan generasiya güclərinin yaradılması
istiqamətində işlərin bundan sonra da davam etdirilməsi diqqət
mərkəzindədir. 2024-cü ilin sonlarında Cəbrayıl rayonunda 240
meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub.
Eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti
böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda,
işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Ümumilikdə isə
imzalanan kontraktlar əsasında respublikamızda 2030-cu ilə qədər 6,
2032-ci ilə qədər isə 8 qiqavat gücündə külək və Günəş elektrik
stansiyaları inşa ediləcək. Bura su elektrik stansiyalarının da
potensialını əlavə etsək, bərpaolunan mənbələr üzrə əldə olunan
elektrik enerjisinin həcmi bundan da artıq olacaq.
Azərbaycanın bərpaolunan və «yaşıl» generasiya gücləri ilə bağlı
planları yalnız elektrik stansiyalarının inşası ilə yekunlaşmır.
Qarşıda dayanan əsas vəzifələrdən biri də əldə olunan bu enerjini
saxlamaqdır. Bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki,
bununla əlaqədar olaraq respublikamızda tarixdə ilk dəfə olaraq
Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Batareya Enerji
Saxlanc Sisteminin yaradılması onu göstərir ki, gələcəyə baxan
dövlət olaraq Azərbaycanın bərpaolunan generasiya güclərinin
yaradılması ilə bağlı planları stratejidir.
Bütövlükdə, “Xızı-Abşeron” KES-in açılışı Azərbaycanın
elektroenergetika sisteminin növbəti uğurlu hadisəsidir. Bu
stansiyanın istifadəyə verilməsi təsdiq edir ki, respublikamızda
bərpaolunan enerjiyə keçid sürətli və çoxməzmunludur. Aparılan
təhlillər göstərir ki, Azərbaycan özünün enerji imkanlarını təkmil
və uzaqgörən strategiya əsasında inkişaf etdirir. Bu strategiya isə
respublikamızın qlobal enerji təhlükəsizliyindəki rolunu və
iştirakını daha da gücləndirir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

