
Bakı.Trend:
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
təşkil olunacaq tərəfdaş tədbirləri üzrə qeydiyyat prosesi davam
edir. Müraciətlərin qəbulu üçün son tarix 29 yanvar 2026-cı il
olaraq müəyyən edilib.
Trend xəbər
verir ki, şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq
platforması olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün
yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır.
Müraciətlər https://events.unhabitat.org/
vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul
olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı
İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı
(Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi
(Voices from Cities) və WUF Akademiyası (WUF Academy).
Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə UN-Habitat-ın
Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn
qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi
paneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxil
olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və
müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir
kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş
tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl
təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının
beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər
vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə
mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal
şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.
Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq
üçün [email protected]
elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

