
Bakı. Trend:
Hazırda paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti
iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur.
Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir
göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb
edir.
Trend xəbər
verir bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət
iştirakçıların amüraciətində qeyd olunub.
Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol
örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə
qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da
nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza
riskini yüksəldir.
“Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son
dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə
təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə
riayət etsinlər, qəfil manevrlərdən çəkinsinlər və yol hərəkəti
qaydalarına tam əməl etsinlər.
Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnız
müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə
alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət
yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda
saxlasınlar.
Bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa,
diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə
çağırırıq. Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və
ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür”, –
deyə müraciətdə qeyd olunub.

